Çeçenistan Lideri Ramzan Kadırov “Rusiya Federasiyasının Fəxri Memarı” fəxri adına layiq görülüb. Mükafat ona Qroznı şəhərində Vladimir Putin adını daşıyan rayonun ikinci növbəsinin təntənəli açılış mərasimində Rusiya Baş nazirinin müavini Marat Xusnullin tərəfindən təqdim edilib. Mərasimdə çıxış edən Xusnullin yeni yaşayış massivinin şəxsən Kadırovun nəzarəti altında layihələndirildiyini qeyd edərək, onu həyata keçirilən bütün şəhərsalma layihələrinin əsas memarı adlandırıb.
Baş nazirin müavini qiymət və keyfiyyət nisbətinə görə yeni salınan rayonu ölkə üzrə ən uğurlu nümunələrdən biri kimi qiymətləndirib. İstifadəyə verilən ikinci növbə çərçivəsində ümumi sahəsi 500 min kvadratmetrə yaxın olan 38 çoxmənzilli bina və Əhməd-Hacı Kadırovun adını taşıyan 1.8 kilometrlik piyada xiyabanı salınıb.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya Prezidentinin fərmanı ilə Ramzan Kadırova “ordu generalı” ali hərbi rütbəsi verilib, həmçinin Rosqvardiyanın xüsusi təyinatlılarının yüksək fərqlənmə nişanı sayılan “krapov” bereti təqdim olunub. Rəsmi qurumlar bu təltifləri Çeçenistan rəhbərinin dövlət qarşısındakı xidmətləri ilə əlaqələndiriblər. Ukraynada hərbi əməliyyatların başlamasından bəri Kadırov və onun ailə üzvləri müxtəlif səviyyəli çoxsaylı dövlət və peşə mükafatlarına layiq görülüblər.
İzmedia.az
![]()

