Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ordusunun Kiyevə endirdiyi son ballistik raket zərbəsinin əsas hədəfi şəhərin kritik energetika strukturu, xüsusən də 4 nömrəli İstilik Elektrik Stansiyası (İES-4) olub. Ukrayna lideri vurğulayıb ki, zərbələr nəticəsində elektrik stansiyası ilə yanaşı yaşayış binalarına da ziyan dəyib və HHM sistemləri raketləri yalnız paytaxta yaxınlaşarkən aşkar edə bilib. Zelenski əlavə edib ki, müttəfiqlərdən ballistik raket buraxılışları barədə öncədən heç bir kəşfiyyat xəbərdarlığı alınmayıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, Moskva yeni ballistik zərbələr hazırlamaqdadır. Zelenski qeyd edib ki, bu hücumlar Rusiyanın ABŞ Prezidenti Donald Trampın elan etdiyi “enerji atəşkəsi” çağırışlarına məhəl qoymadığını sübut edir. Ukrayna tərəfinin enerji infrastrukturlarına atəşin dayandırılması təşəbbüsünü dəstəkləməsinə baxmayaraq, Kremlin hücumları davam etdirməsi və Qərb tərəfdaşlarının kəşfiyyat xəbərdarlıqlarını dayandırması fonunda Zelenski Vaşinqtonu və beynəlxalq ictimaiyyəti baş verənlərə səssiz qalmamağa çağırıb.
İzmedia.az
![]()

