Zeit: “BMW” sağçı AfD partiyasından olan parlament spikerini xidməti avtomobildən məhrum edir

1 Min Read
Almaniyanın “Die Zeit” qəzetinin yaydığı məlumata görə, avtomobil nəhəngi “BMW” Saksoniya-Anhalt əyalət parlamentinin (Landtaq) yeni spikeri üçün nəzərdə tutulmuş xidməti avtomobilin icarə müqaviləsini ləğv etməyə hazırlaşır. Şirkətin bu addımına səbəb ultra-sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının üzvü Tobias Rauşun oktyabrın 6-da parlamentin sədri vəzifəsinə seçilməsidir. Rauş AfD partiyası tarixində Bundestaq və ya regional parlamentlərə rəhbərlik edən ilk siyasətçi və ölkənin ən yüksək vəzifəli dövlət rəsmilərindən biri olub.
“BMW” konserni müştəri məxfiliyini əsas gətirərək məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina etsə də, şirkətin İdarə Heyətinin üzvü Milan Nedelkoviçin əvvəllər AfD-nin radikal siyasi kursunu kəskin tənqid etdiyi xatırladılır. Qanunvericiliyə əsasən, spiker sürücü ilə təmin olunmuş xidməti avtomobildən istifadə hüququna malikdir. Rauşun XDİ-dən olan sələfi Qunnar Şellenberqin istifadə etdiyi “BMW 7” seriyalı avtomobilin icarə müqaviləsi noyabr ayında başa çatır. Saksoniya-Anhalt Landtaqı yeni təchizatçı tapmasaydı, spiker nəqliyyatsız qala bilərdi. Lakin alman siyasətçilərinin ənənəvi olaraq yerli brendlərə üstünlük verməsinə baxmayaraq, hələlik başqa bir alman avtomobil istehsalçısı AfD nümayəndəsinə xidmət təklif etməyə tələsmir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş