Böyük Britaniya hökuməti Çernobıl Atom Elektrik Stansiyasındakı qoruyucu obyektlərin təcili bərpası və təmiri məqsədilə Ukraynaya 17 milyon funt-sterlinq (22 milyon dollardan çox) həcmində maliyyə vəsaitinin ayrılacağını rəsmən bəyan edib. Britaniya hökumətinin rəsmi portalında dərc olunan bəyanatda bildirilir ki, ayrılan bu dəstək Yenidənqurma və İnkişaf üzrə Avropa Bankının (EBRD) əlaqələndirdiyi beynəlxalq proqram çərçivəsində reallaşdırılacaq. Ayrılan vəsait stansiyanın qoruyucu örtüyünün izolyasiya və ventilyasiya funksiyalarının bərpasına, eləcə də obyektin təhlükəsiz istismar müddətinin uzadılmasına yönəldiləcək.
Rəsmi London vurğulayır ki, vaxtında təmir işləri aparılmadığı təqdirdə yaranacaq korroziya riskləri uzun illər ərzində qoyulmuş beynəlxalq investisiyaları təhlükə altına sala, habelə region üçün uzunmüddətli ekoloji və nüvə təhlükəsizliyi təhdidləri yarada bilər. Bu addım Böyük Britaniyanın Ukraynanın kritik enerji və nüvə infrastrukturlarının təhlükəsizliyini dəstəkləmək istiqamətində ardıcıl kursunun tərkib hissəsi kimi qiymətləndirilir.
İzmedia.az
![]()

