“Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, İran hakimiyyəti İlon Maskın “Starlink” peyk internet xidmətinə qarşı mübarizə tədbirlərini sərtləşdirəcəyini açıqlayıb. Tehran rəhbərliyi “Starlink” sistemini İslam Respublikasına qarşı casusluq və hərbi əməliyyatların əlaqələndirilməsi üçün istifadə edilən “müharibə aləti” adlandırıb. İranın Kiberməkan Məsələləri üzrə Ali Şurasının katibi Məhəmməd Əmin Ağamiri bildirib ki, ölkənin sərəncamında “Starlink” peyk rabitəsini və siqnallarını tam bloklamağa qadir texnoloji sistemlər mövcuddur.
Kanalın məlumatına görə, İranda “Starlink” terminallarına sahib olmaq və ya istifadə etmək 6 aydan 2 ilə qədər həbs cəzası nəzərdə tutur. Avadanlıqların ölkəyə qanunsuz gətirilməsi və ya quraşdırılmasına görə isə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Bu il artıq iki dəfə uzunmüddətli internet məhdudiyyətlərinə əl atan Tehran hökuməti, hərbi gərginlik fonunda əhalinin dövlət senzurasından yayınmaq üçün peyk rabitəsinə üz tutmasına qarşı daha sərt qadağaların tətbiq edilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
İzmedia.az
![]()

