8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində yalnız hərbi qələbənin deyil, həm də milli iradənin, dövlətçilik strategiyasının, lider–xalq–ordu birliyinin təcəssümüdür. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, iqtisadi və hərbi potensialın gücləndirilməsinin nəticəsi olub. Bu Qələbənin təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət quruculuğu strategiyası dayanır. Ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq mövqelərinin gücləndirilməsi, müasir ordu quruculuğu, hərbi islahatların həyata keçirilməsi və milli hərbi sənaye kompleksinin yaradılması Azərbaycanın hərbi gücünün formalaşmasına mühüm töhfə verib. Qələbədə siyasi liderliyin və strateji qərarların rolu ilə yanaşı, Azərbaycan xalqının həmrəyliyi və ordumuzun qəhrəmanlığı həlledici əhəmiyyət daşıyıb. Müasir texnologiyalar və silah sistemləri müharibənin gedişinə təsir göstərsə də, Qələbənin əsas qəhrəmanları Vətən uğrunda döyüşən Azərbaycan əsgər və zabitləri olub. Azərbaycan Qələbəsini fərqləndirən digər mühüm cəhət isə onun hərbi nəticələrinin miqyası və tarixi əhəmiyyətidir. 2020-ci ildə başlanan proses 2023-cü ildə Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin bərpası ilə yeni mərhələyə qədəm qoyub. Beləliklə, Zəfər Günü dövlət strategiyasının, milli birliyin, liderliyin və əsgər qəhrəmanlığının vəhdətini əks etdirən tarixi hadisədir.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Sherg.az-a bildirib ki, İkinci Qarabağ müharibəsindən əvvəl də, sonra da dünyada münaqişələr və tam miqyaslı müharibələr olub və bu gün də var:
“Amma, bu münaqişələrin heç biri Azərbaycanın Qələbəsi kimi bitməyib.Son onilliklərin yeganə müharibəsidir ki, bir tərəf kapitulyasiya oldu, biz isə qələbə çaldıq. Ona görə ki, Azərbaycan 30 il idi ki, işğala məruz qalmışdı və dünya gücləri də işğalçını dəstəkləyirdi.Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini işğaldan azad etdi.Vətən torpağını azad edən, milyon qaçqının qisasını alan Azərbaycan əsgərinin ruhu, gücü, şücaəti, qəhrəmanlığı işğalçı əsgərdən qat-qat üstün idi. Əsas fərq bu idi.Azərbaycan cənab prezidentin dediyi kimi, əsas ağırlığı öz üzərinə götürdü və BMT qətnamələrini özü icra etdi. Müasir müharibələrin texniki yenilkklərini dünyaya göstərdi.Azərbaycan Ordusunun taktiki, strateji addımları dünya hərb tarixində bir yenilik, eyni zamanda qəhrəmanlıq səhifəsi açdı. Məhz bu xüsusiyyətlər Azərbaycanın Qələbəsini fərqləndirən cəhətlərdir”.
![]()

