Vens: ABŞ İranın nüvə proqramının diplomatik həllinə üstünlük verir

2 Min Read

ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı problemin dinc yolla həllinə üstünlük verir.

Bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Deyvid Vens “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

“Düşünürəm ki, hamımız diplomatik varianta üstünlük veririk. Amma bu, əslində iranlıların nə etməsindən və nə deməsindən asılıdır”, – deyə Vens qeyd edib.

O, ABŞ-nin Yaxın Şərqdə əvvəlki hərbi əməliyyatlarına toxunaraq bildirib ki, keçmişin səhvlərini təkrarlamaqdan çəkinmək lazımdır. Eyni zamanda, onun sözlərinə görə, əvvəlki təcrübələr ABŞ-nin gələcəkdə hərbi münaqişələrdə iştirakını tam istisna etmir: “Biz bu məsələdə diqqətli olmalıyıq, amma düşünürəm ki, prezident ehtiyatlıdır”. Vens əlavə edib ki, xarici hərbi müdaxilələrə şübhə ilə yanaşır.

Yanvarda Ağ Ev İrana qarşı güc tətbiqinin ciddi şəkildə nəzərdən keçirildiyini açıqlamışdı. Vaşinqton Tehranın danışıqlar masasına qayıdacağına və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabər” razılaşmaya razılıq verəcəyinə ümid etdiyini bildirmişdi. İran hakimiyyəti isə nüvə bombası hazırlamaq niyyətində olmadığını dəfələrlə bəyan edib.

Pentaqon Yaxın Şərqdə, o cümlədən iki təyyarədaşıyan gəmi hücum qrupu ilə əhəmiyyətli hərbi qüvvə cəmləşdirib. Fevralın 19-da ABŞ administrasiyası İrana razılaşma üçün maksimum 15 gün vaxt verdiyini açıqlayıb.

ABŞ və İran arasında danışıqların üçüncü raundu cümə axşamı Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfinə isə xüsusi elçi Stiv Vitkoff və sahibkar Cared Kuşner rəhbərlik edib.

Əraqçinin sözlərinə görə, tərəflər müəyyən irəliləyiş əldə edib və mümkün sazişin elementləri üzrə əsaslı müzakirələrə başlayıblar. Bildirilib ki, ABŞ və İranın texniki qrupları martın 2-də Vyanada Beynəlxalq Atom Enerjisi Təşkilatının qərargahında məsləhətləşmələrə başlayacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş