Kyodo xəbər agentliyinin məlumatına görə, Yaponiya hökuməti cari maliyyə ili (31 mart 2026-cı ildə başa çatır) üçün benzin qiymətlərinin artması ilə mübarizə aparmaq məqsədilə büdcə ehtiyat fondundan təxminən 810 milyard yen (təxminən 5,1 milyard dollar) ayıracaq.
İzmedia.az bildirir ki, vəsait pərakəndə benzin qiyməti subsidiyası fondunun doldurulmasına sərf olunacaq. Rəsmi qərarın martın 24-də verilməsi gözlənilir.
Martın 16-da Yaponiyada bir litr benzinin pərakəndə satış qiyməti 190,8 yenə (təxminən 1,2 dollar) çataraq, 1990-cı ildən bəri tarixi rekord qırıb. Qiymət artımı İran ətrafındakı gərginlik və xam neftin kəskin qiymət yüksəlişi ilə əlaqələndirilir.
Hökumətin qiymət nəzarəti tədbirləri 19 martdan qüvvəyə minib və məqsəd benzinin pərakəndə satış qiymətini litri üçün təxminən 170 yen səviyyəsində saxlamaqdır. Subsidiyalar həmin tarixdən etibarən yanacaq tədarükünə tətbiq olunur və bir-iki həftə ərzində pərakəndə benzin qiymətlərini sabitləşdirməsi gözlənilir.
Bundan əlavə, martın 16-da Yaponiya ABŞ və İsrailin İrana hücumları nəticəsində yaranan təchizat fasilələrinə cavab olaraq strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarıb. Buraxılacaq neft miqdarı ölkənin 45 günlük tələbatını ödəməyə kifayət edir və topdansatış şirkətlərinə daha aşağı qiymətlərlə satılacaq. Yaponiya ümumi ehtiyatları ilə ölkənin təxminən səkkiz aylıq ehtiyacını təmin edə bilir.
İzmedia.az
![]()

