Alimlər Arktikadakı Laptev dənizi ərazisində metan tullantılarının təxminən 5000 ildir davam etdiyini müəyyən ediblər.
İzmedia.az bildirir ki, bu barədə Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən TASS agentliyinə verilən məlumata görə, bu qaz atmosferə yayılaraq qlobal istiləşməyə təsir göstərir.
Nazirlikdən bildirilib ki, Tomsk Politexnik Universiteti alimləri digər mütəxəssislərlə birlikdə Laptev dənizinin şelfində və kontinental yamacında yerləşən müxtəlif metan yataqlarında formalaşan çökmə minerallarını və autigen karbonatları araşdırıblar. Əldə olunan nəticələr Arktikada metan emissiyalarının müddətini müəyyən etməyə imkan verib.
Məlumata görə, dəniz çöküntüləri və onların altındakı süxurlar metan ehtiva edir. Bu qaz çatlar və məsamələr vasitəsilə su sütununa, oradan isə atmosferə keçərək metan sızmaları yaradır. Bu cür proseslər Şimal Buzlu Okeanı da daxil olmaqla Dünya okeanının müxtəlif bölgələrində müşahidə olunur. Metanın əmələ gəldiyi sahələrdə mikroorqanizmlər qazı oksidləşdirir və nəticədə karbonat mineralları formalaşır. Metan emissiyaları dayansa belə, bu izlər çöküntülərdə qalır.
Tədqiqat çərçivəsində Barents dənizi, Laptev dənizi və Çukotka dənizi ərazilərində karbonat nümunələri aşkar edilib. Alimlər Laptev dənizinin üç müxtəlif hissəsindən – iki xarici şelf sahəsindən (64 və 72 metr dərinlikdə) və bir kontinental yamac sahəsindən (294 metr dərinlikdə) götürülmüş nümunələri təhlil ediblər.
Təbii Sərvətlər Mühəndisliyi Məktəbinin Geologiya kafedrasının dosenti Aleksey Ruban bildirib ki, əldə olunan nəticələr Laptev dənizində metan axınının ən azı 5000 il davam etdiyini göstərir. Onun sözlərinə görə, karbonatların formalaşmasında təkrarlanan epizodlar metan emissiyalarının fasiləli və ya pulsasiyaedici xarakter daşıdığını sübut edir.
Araşdırmada həmçinin Sankt-Peterburq Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsi İliçev Sakit Okeanologiya İnstitutu mütəxəssisləri iştirak ediblər. Tədqiqatın nəticələri “Dəniz Geologiyası və Enerji Resursları” jurnalında dərc olunub və layihə Rusiya Elm Fondu tərəfindən maliyyələşdirilib.
İzmedia.az
![]()

