Trita Parsi: ABŞ–İran razılaşması mümkün görünmür, yeni status-kvo formalaşa bilər

3 Min Read

ABŞ və İran arasında münaqişənin başa çatdırılması üçün razılaşmanın əldə olunması ehtimalı aşağıdır.

İzmedia.az xəbər verir ki, bu barədə Quincy Institute for Responsible Statecraft təşkilatının icraçı vitse-prezidenti Trita Parsi bildirib.

O, Vaşinqtonda Arab Center Washington DC tərəfindən təşkil edilən konfransda çıxışı zamanı qeyd edib ki, danışıqların nəticəsi ilə bağlı nikbin deyil: “Düşünmürəm ki, razılaşma əldə olunacaq. Çox güman ki, nəticədə razılaşdırılmamış yeni status-kvo yaranacaq. Bu halda ABŞ faktiki olaraq müharibədən çıxacaq, İsrail isə əməliyyatları davam etdirəcək. İran və İsrail qarşıdurmanı davam etdirə bilər, lakin ABŞ prezidenti Donald Trump bu vəziyyətdən çıxış yolu tapacaq”.

Ekspertin sözlərinə görə, razılaşmanın əldə olunmamasının əsas səbəblərindən biri Livanla bağlıdır. O qeyd edib ki, Tehran atəşkəs rejiminin Livanı da əhatə etməsini vacib hesab edir. Parsi bildirib ki, İran üçün xüsusilə Hizbullah münaqişəyə qoşulduğu halda Livanı kənarda qoymaq qəbuledilməzdir.

Onun fikrincə, Tehran həmçinin müharibənin Livanda davam edəcəyi təqdirdə yenidən İrana keçə biləcəyindən ehtiyat edir. Parsi əlavə edib ki, İran üçün ABŞ-ın İsraili cilovlaya bilməsi mühüm sınaqdır: “Əgər ABŞ İsraili dayandıra bilmirsə, Vaşinqtonla razılaşmanın mənası nədir? Bu, İsrailin müharibələri yenidən başlada biləcəyi və ABŞ-ın bundan kənarda qala bilməyəcəyi anlamına gəlir”.

Ekspert hesab edir ki, mövcud atəşkəs uzunmüddətli razılaşmaya gətirib çıxarmayacaq və sadəcə yeni bir status-kvo yaradacaq.

Atəşkəs razılaşmaları

Aprelin 7-də ABŞ prezidenti Donald Trump İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Onun sözlərinə görə, tərəflər əksər mübahisəli məsələlər üzrə razılığa yaxınlaşıblar və Vaşinqton Tehranın 10 bəndlik təklifini gələcək danışıqlar üçün “işçi əsas” hesab edir. Qərarın İranın Hörmüz boğazını açmağa hazır olması ilə bağlı olduğu bildirilib.

Tehran isə ölkəyə hücum edilmədiyi təqdirdə “müdafiə xarakterli zərbələri” dayandırmağa razılaşıb. Tərəflər arasında vasitəçi kimi çıxış edən Pakistanın baş naziri Şehbaz Şərif liderləri danışıqlar üçün İslamabada dəvət edib.

Binyamin Netanyahunun ofisi bildirib ki, İsrail ABŞ-ın iki həftəlik atəşkəs qərarını dəstəkləyir. Bununla yanaşı, razılaşmanın Livana şamil edilmədiyi vurğulanıb. Qeyd olunub ki, İsrail ordusu burada Hizbullah qüvvələrinə qarşı əməliyyatları davam etdirir.

Çərşənbə günü İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf atəşkəs razılaşmasının üç əsas bəndinin danışıqlardan əvvəl pozulduğunu açıqlayıb. Bunlara Livana hücumlar, İranın hava məkanının pozulması və ölkənin uranı zənginləşdirmək hüququndan imtina məsələsi daxildir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş