“Politico” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərinə qarşı sərt ritorikası və onların İrana qarşı hərbi əməliyyata qoşulmamasına görə tənqid etməsi ittifaq daxilində ciddi narazılıq yaradıb.
Məlumata görə, Avropa rəsmiləri Brüssel və digər şəhərlərdə keçirilən görüşlər zamanı Trampın mümkün şəkildə NATO-dan çıxmaq təhdidlərini və bunun nəticələrini müzakirə edirlər.
Nəşr yazır ki, ABŞ liderinin Böyük Britaniya, İspaniya, Fransa və digər ölkələrə qarşı sərt çıxışları transatlantik münasibətlərdə dərin çatların yarandığını göstərir.
Anonimlik şərti ilə danışan bir avropalı diplomat bildirib ki, NATO faktiki olaraq iflic vəziyyətindədir və hətta normal görüşlərin keçirilməsi belə çətinləşib. Digər Aİ rəsmisinin sözlərinə görə isə ittifaqın artıq “dağılmaq üzrə olduğu” qənaəti formalaşıb və Avropa ölkələri öz müdafiə imkanlarını təcili gücləndirməlidir.
Hesabatda qeyd olunur ki, bu qiymətləndirmələr 24 nazir, rəsmi şəxs və diplomatla aparılmış müsahibələrə əsaslanır və müharibədən sonrakı dünya nizamında ciddi dəyişikliklərin baş verdiyini göstərir.
İzmedia.az
![]()

