ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla münaqişə başa çatdıqdan sonra, xüsusilə Tehranın neft satışında maraqlı olması səbəbindən Hörmüz boğazında gəmiçilik tam bərpa ediləcək.
ABŞ lideri televiziya vasitəsilə xalqa müraciətində qeyd edib ki, “Bu münaqişə bitdikdə, Hörmüz boğazı təbii olaraq açılacaq”.
Tramp İran hakimiyyətinə istinad edərək əlavə edib: “Onlar neft satmaq istəyəcəklər, çünki yenidən qurmaq üçün əsas resursları budur. Neft axını bərpa olunacaq və qazın qiyməti sürətlə aşağı düşəcək”.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, İranın iri şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumları İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu isə İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan edib. Bununla yanaşı, Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarına da zərbələr endirilib. ABŞ-İsrail birgə hücumları nəticəsində İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei və bəzi digər yüksək vəzifəli şəxslərin öldürüldüyü bildirilir.
Digər tərəfdən, İran hakimiyyəti ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib. Münaqişə zamanı Tehranın icazəsi olmadan boğazdan keçməyə cəhd edən bir neçə tankerə hücum edildiyi qeyd olunur. Martın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İran Rusiya, Hindistan, İraq, Çin və Pakistan kimi dost ölkələr üçün Hörmüz boğazından keçidə icazə verir.
İzmedia.az
![]()

