Kanadada artan qlobal təhlükəsizlik riskləri fonunda hərbi xidmətə maraq yüksəlir.
Müdafiə naziri Devid MakQinti bildirib ki, son səkkiz ay ərzində Kanada Silahlı Qüvvələrinə qəbul olunanların sayı 13 faiz artıb. Onun sözlərinə görə, vətəndaşlar ölkənin təhlükəsizliyi və suverenliyinin qorunmasına daha böyük həssaslıq göstərirlər. Bu barədə Politico məlumat yayıb.
Baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal hökumət müdafiə sahəsinə on milyardlarla dollar sərmayə yatırır. Rəsmi Ottava yaxın aylarda NATO-nun ÜDM-in 2 faizi həcmində müdafiə xərcləri hədəfinə çatmağı planlaşdırır və 2035-ci ilədək bu göstəricini 5 faizə yüksəltməyi öhdəsinə götürüb.
Hökumət 125 min yeni iş yeri yaratmağı nəzərdə tutan Müdafiə Sənayesi Strategiyasını da işə salıb. Strategiya çərçivəsində hərbi tədarükdə müttəfiq ölkələrin payının artırılması hədəflənir. Kanada 12 qeyri-nüvə sualtı qayığı, onlarla qırıcı təyyarə və yeni hərbi gəmilərin alınmasını planlaşdırır.
Kadr çatışmazlığının aradan qaldırılması məqsədilə hərbçilərin maaşları 20 faiz artırılıb, bazalarda yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılıb. Ölkə üzrə 7 500 yeni hərbi mənzilin inşası nəzərdə tutulur.
Eyni zamanda, Arktika bölgəsində infrastrukturun gücləndirilməsi üçün 2,67 milyard Kanada dolları həcmində investisiya planı hazırlanıb. Bu addımlar həm müdafiə qabiliyyətinin artırılmasına, həm də milli iqtisadiyyatın gücləndirilməsinə xidmət edir.
İzmedia.az
![]()

