Küveyt və Səudiyyə Ərəbistanı müvəqqəti atəşkəsə baxmayaraq, İranı və onun müttəfiqlərini öz ərazilərinə hücumlar təşkil etməkdə ittiham edib.
Küveyt Xarici İşlər Nazirliyi cümə axşamı gecəsi baş verən pilotsuz təyyarə hücumlarının “Küveytdəki bəzi həyati əhəmiyyətli obyektləri hədəf aldığını” bildirib. Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi isə adı açıqlanmayan mənbəyə istinadən hücumların krallığın yanacaq-enerji kompleksindəki bir neçə obyektə də zərər vurduğunu qeyd edib.
“Xüsusilə, həyati əhəmiyyətli Şərq-Qərb boru kəmərinin nasos stansiyalarına hücum edilib və nəticədə boru kəməri vasitəsilə gündə təxminən 700.000 barel ötürmə gücü itirilib. Bu, həmin dövrdə qlobal bazarların təchizatı üçün əsas marşrutdur. Hücum həmçinin Manifa neft emalı zavoduna da təsir göstərib və onun istehsal gücünü gündə təxminən 300.000 barel azaldıb”, – deyə bəyanatda bildirilib.
Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) hücumlarda hər hansı iştirakını qəti şəkildə rədd edib.
Press TV-nin məlumatına görə, İİKK-nın bəyanatında qeyd olunub: “İran İslam Respublikasının silahlı qüvvələri atəşkəs dövründə heç bir ölkəyə raket atmayıb”.
İİKK həmçinin bildirib ki, hücumlar ABŞ və ya İsrail tərəfindən törədilmiş təxribat ola bilər.
İzmedia.az
![]()

