Almaniya avtomobil bazarında subsidiyaların yenidən tətbiqi güc balansını əhəmiyyətli dərəcədə dəyişib və elektrikli nəqliyyat vasitələrinə tələbi artırıb.
Elektrikli avtomobillərə verilən subsidiyalar 1 yanvar tarixində yenidən bərpa edilib. Qısa müddət ərzində bu addım bazarda ciddi canlanmaya səbəb olub və elektrikli modellərin satışı yenidən yüksəlib.
Mart ayında ölkədə ümumilikdə 294.161 nəqliyyat vasitəsi qeydiyyata alınıb ki, bu da əvvəlki ayla müqayisədə 16 faiz artım deməkdir. Bu satışların 70.663-ü tam elektrikli avtomobillər olub və bu seqment ümumi bazarın 24 faizini təşkil edib.
Elektrikli avtomobillərin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 66,2 faiz artıb. İlk rübdə isə 159.630 elektrikli avtomobil satılıb ki, bu da illik müqayisədə 41,3 faiz yüksəlişdir.
Eyni dövrdə benzin və dizel mühərrikli avtomobillərin bazar payı azalıb, hibrid modellər isə sürətlə artaraq mart ayında 117.845 satışla 16,2 faiz yüksəliş göstərib. Hibridlər hazırda yeni qeydiyyatların 40,1 faizini təşkil edir.
İstehsalçılar arasında da ciddi artım qeydə alınıb. BYD satışlarını 327,1 faiz, Leapmotor 318,1 faiz, Tesla isə 315,1 faiz artırıb.
Ənənəvi istehsalçılardan Opel, Audi və BMW də satış artımı əldə edib. Škoda isə idxal brendləri arasında lider mövqeyə yüksəlib.
Yeni təşviqlərə əsasən elektrik avtomobilləri 2035-ci ilin sonuna qədər nəqliyyat vergisindən azaddır. Bundan əlavə, alıcılara 3000 avrodan 6000 avroyadək, hibrid və plug-in hibridlər üçün isə 4500 avroyadək maliyyə dəstəyi verilir.
İzmedia.az
![]()

