İzmedia.az xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sanchez-i daşıyan təyyarə texniki nasazlıq səbəbindən Ankara şəhərinə təcili eniş edib.
Məlumata görə, Airbus A310 tipli hökumət təyyarəsi Madriddən Yerevan şəhərinə — Avropa Siyasi Birliyinin sammitinə gedərkən uçuş zamanı texniki problem aşkarlanıb. Bu səbəbdən pilotlar ən yaxın təhlükəsiz hava limanına enmək qərarı veriblər.
Türkiyə mediası ilk olaraq hadisə barədə məlumat yayıb və qeyd edib ki, yaranan nasazlıq sərnişinlərin həyatı üçün təhlükə yaratmayıb. Buna baxmayaraq, beynəlxalq aviasiya qaydalarına uyğun olaraq təyyarə Ankaraya yönləndirilib.
İspaniya hökumət mənbələri də insidenti təsdiqləyərək nasazlığın kritik olmadığını bildirib. Baş nazir Sançesin vəziyyəti normal olub və o, Ankara otellərindən birində gecələyib.
Planlaşdırılır ki, texniki problem aradan qaldırıldıqdan sonra təyyarə uçuşunu davam etdirəcək və baş nazir sammitin açılışına çatacaq.
Qeyd edək ki, bu, İspaniya hökumət rəhbərinin uçuşlarında ilk belə hadisə deyil — ötən il də onun təyyarəsi oxşar texniki səbəbdən geri dönmək məcburiyyətində qalmışdı.
![]()
