İzmedia.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer faktiki olaraq öz partiyasının seçki kampaniyasından kənarlaşdırılıb. Partiya üzvləri onun imicini “toksik” hesab edir və seçicilər qarşısında onunla birlikdə görünməkdən çəkinirlər.
Mayın 7-nə planlaşdırılan yerli seçkilər ərəfəsində hakim Leyborist Partiyası misli görünməmiş addım ataraq öz liderindən uzaqlaşmaq qərarına gəlib.
“The Daily Telegraph” nəşrinin məlumatına görə, regional partiya təşkilatları Starmerin seçki kampaniyasından uzaqlaşdırılmasını tələb edib. Buna səbəb onun aşağı reytinqi və seçicilər arasında ciddi narazılıqdır.
“O, toksikdir. Onun tərəfdarları yox, yalnız düşmənləri var — bu inanılmazdır”, – deyə partiyanın yüksək vəzifəli üzvlərindən biri bildirib.
Son iki ay ərzində Starmer cəmi 11 seçki tədbirində iştirak edib. Halbuki onun əsas rəqibi, mühafizəkarların lideri Kemi Badenok 41 səfər edib, sağ-populist siyasətçi Naycel Faraş isə 71 dəfə seçicilərlə görüş keçirib.
Vəziyyəti daha da ağırlaşdıran amil isə ictimai rəy sorğularıdır. “Ipsos” şirkətinin sorğusuna əsasən, britaniyalıların 74%-i Starmerin fəaliyyətindən narazıdır, cəmi 18%-i isə onu dəstəkləyir.
Leyborist deputatların sözlərinə görə, seçicilər hələ də pensiyaçıların böyük hissəsi üçün qış yanacaq subsidiyalarının ləğv edilməsini Starmerə bağışlamayıblar.
“Əgər Starmer kampaniyaya qoşulsa, bir çox yerli şura üzvləri şoka düşər. O, bizə səs qazandırmır, əksinə itirir”, – deyə deputatlardan biri qeyd edib.
Sorğular göstərir ki, leyboristlər populyarlıq baxımından təkcə mühafizəkarları deyil, həm də Reform UK partiyasını geridə qoymaqda çətinlik çəkir. “Yaşıllar” partiyası ilə fərq isə cəmi 1%-ə enib.
Daxili siyasi böhran partiyanı 7 may seçkilərində ağır məğlubiyyətlə üz-üzə qoya bilər. “The Daily Telegraph” qəzetinin proqnozuna görə, leyboristlər yerli şuralarda 2 minə qədər mandat itirə və Uels parlamentinə nəzarəti tarixdə ilk dəfə itirə bilərlər.
Bu fonda “The Times” yazır ki, partiya daxilində narazılıq artır və mümkün məğlubiyyət halında bəzi deputatlar Starmerin istefasını tələb edən açıq məktub hazırlayırlar.
Baş nazirin tərəfdarları isə partiya daxilində parçalanmanın qarşısını almağa çağırır. Lakin son sorğular bir şeyi göstərir: Kir Starmer artıq partiya üçün üstünlük yox, seçicilərdən gizlədilməyə çalışılan “toksik yük” kimi qəbul olunur.
![]()
