“Aeroflot” Türkiyənin Bodrum və Dalaman kurortlarına uçuşları artırır

1 Min Read

“Aeroflot” aviaşirkəti Moskvadan Türkiyənin Bodrum və Dalaman kurortlarına əlavə uçuşlar həyata keçirəcək. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bodruma əlavə reyslər 6 iyun – 8 iyul tarixləri arasında həftədə üç dəfə — çərşənbə axşamı, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

“Nəticədə Moskva ilə Bodrum arasında ümumi uçuş sayı həftədə 12-yə çatacaq. Marşrut üzrə iki sinifli — ekonom və biznes siniflərindən ibarət Airbus A321 təyyarələrindən istifadə olunacaq”, – deyə açıqlamada bildirilir.

Aviaşirkət əlavə edib ki, Dalamana əlavə uçuşlar isə 9 iyun – 6 oktyabr tarixləri arasında həftədə iki dəfə — çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Bununla da “Aeroflot” Moskva ilə Dalaman arasında Boeing 737 təyyarələri vasitəsilə həftədə 11-ə qədər reys icra edəcək.

Şirkətin məlumatına əsasən, yay mövsümündə Türkiyə kurortlarına uçuşlar üzrə sərnişinlər üçün ümumilikdə 6100-dən çox əlavə yer təqdim olunacaq.

Bu yay “Aeroflot” həmçinin Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Kazan, Samara, Ufa, Perm, Yekaterinburq və Novosibirsk şəhərlərindən Antalyaya birbaşa uçuşlar həyata keçirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş