Almaniyada tələbələrin hərbi siyasətə qarşı geniş etirazı gözlənilir

2 Min Read

Almaniyada on minlərlə tələbənin sabah ölkə miqyasında keçiriləcək etiraz aksiyası çərçivəsində dərsləri boykot edərək küçələrə çıxacağı gözlənilir. “The Guardian” qəzetinin məlumatına görə, təşkilatçılar aksiyanın məqsədinin hökumətin yenidən silahlanma siyasətinə qarşı çıxmaq və gənclərin “top yeminə çevrilməsinin” qarşısını almaq olduğunu bildirirlər.

Məlumata əsasən, müəllimlər assosiasiyaları və təhsil qurumları dərslər zamanı etiraz edən şagirdlərin cərimə və ya məktəbdən uzaqlaşdırılma riski ilə üzləşə biləcəyi barədə xəbərdarlıq etsə də, təşkilatçılar iştirakın əvvəlki etirazlardan da yüksək ola biləcəyini proqnozlaşdırırlar. Əvvəlki aksiyalarda təxminən 50 min nəfərin iştirak etdiyi bildirilir.

“Schulstreik gegen Wehrpflicht” (Hərbi xidmətə çağırışa qarşı məktəb tətilləri) hərəkatının sözçüsü Hannes Kramer “The Guardian”a bildirib ki, gənclər hökumətin siyasətinə etiraz edir.

“Hökumət və sənaye müharibəyə hazırlaşır, biz isə top yeminə çevrilməliyik. Heç kim bizdən fikrimizi soruşmayıb”, – deyə o bildirib.

Almaniya hökuməti isə Ukraynada müharibə fonunda Rusiyadan gələn təhlükələri əsas gətirərək müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayır. Müdafiə naziri Boris Pistoriusun təqdim etdiyi islahatlara əsasən, 18 yaşlılara hərbi xidmətə hazırlıqla bağlı sorğular göndərilir, gələn ildən isə tibbi yoxlamaların tətbiqi planlaşdırılır.

Qanun layihəsi hazırda məcburi çağırışa yol açmasa da, əgər könüllü sistem kifayət qədər əsgər təmin etməzsə, bu məsələnin yenidən gündəmə gələ biləcəyi istisna edilmir. Planlara görə, Bundesverin şəxsi heyətinin 260 min aktiv hərbçiyə, ehtiyat qüvvələrinin isə 200 min nəfərə çatdırılması nəzərdə tutulur.

Etirazçılar isə bu siyasətin Almaniyanı münaqişə riskinə yaxınlaşdırdığını iddia edirlər. Kramer bildirib ki, ölkədə artan hərbiləşmə gənclərin gələcəyi ilə bağlı narahatlıqları gücləndirir və sosial problemlərlə üst-üstə düşür.

Etiraz aksiyaları 8 may – İkinci Dünya Müharibəsində Qələbə Gününün ildönümü ərəfəsinə təsadüf edir. Təşkilatçılar bunu müharibənin fəsadlarını xatırlatmaq üçün seçdiklərini bildirirlər.

Almaniya hökuməti isə 2030-cu ilə qədər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır və bunu ölkənin və Avropanın təhlükəsizliyi üçün zəruri addım kimi qiymətləndirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş