Ukrayna: “Aeroport atəşkəsi” üçün Rusiya ilə danışıqlarda Aİ-nin iştirakı təklif olunur

2 Min Read

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hava limanlarına edilən hücumların qarşılıqlı şəkildə dayandırılması barədə razılıq əldə etmək məqsədilə Rusiya ilə danışıqlarda Avropa İttifaqının (Aİ) iştirakını təklif edib.

“Politico”nun məlumatına görə, Sibiqa bu fikri Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə səsləndirib. O bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan diplomatik prosesin sürəti zəifləyib və Rusiya Prezidenti Vladimir Putin hələ də genişmiqyaslı sülh sazişi imzalamaq üçün siyasi iradə nümayiş etdirmir.

Nazir qeyd edib ki, bu səbəbdən Kiyevin danışıqlarda Avropanın dəstəyinə ehtiyacı var.

Sibiqa “aeroport atəşkəsi” adlandırdığı təşəbbüs çərçivəsində hava limanlarına qarşı zərbələrin qarşılıqlı dayandırılmasını təklif edib.

Onun sözlərinə görə, Rusiya bu cür razılaşmada maraqlı ola bilər, çünki dron hücumları səbəbindən ölkənin bir sıra hava limanları tez-tez fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.

Nazir əlavə edib ki, Aİ bu proses üçün ayrıca platforma və ya işçi qrupu yarada bilər. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski artıq bu ideyanı bəzi Avropa liderləri ilə müzakirə edib.

Sibiqa vurğulayıb ki, bu təşəbbüs ABŞ-ı əvəz etmək məqsədi daşımır: “Bu, alternativ deyil, əlavə bir istiqamət olmalıdır”.

Ukrayna 24 fevral 2022-ci ildən etibarən mülki aviasiya üçün hava məkanını bağlayıb və ölkədə müntəzəm sərnişin uçuşları dayandırılıb.

Eyni zamanda, Rusiya hava limanlarında dron hücumları səbəbindən tez-tez uçuşların gecikməsi və ləğvi qeydə alınır. “Kommersant” qəzetinin “AlfaStrahovanie”nin hesablamalarına istinadən verdiyi məlumata görə, 2025-ci ildə 4,5 milyondan çox Rusiya vətəndaşı uzunmüddətli uçuş gecikmələri ilə üzləşə bilər.

Məlumatda qeyd olunur ki, ötən il və bu ilin müxtəlif dövrlərində dron hücumları səbəbindən Moskva daxil olmaqla bir sıra hava limanlarında minlərlə uçuş gecikib və ya ləğv olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş