Hindistan fərdi şəkildə hədəfləndirilən çoxsaylı döyüş başlıqları (MIRV – Çoxsaylı Müstəqil Hədəflənən Yenidən Giriş Vasitəsi) ilə təchiz olunmuş “Təkmilləşdirilmiş Agni” ballistik raketini uğurla sınaqdan keçirib.
Hindistanın Müdafiə Tədqiqat və İnkişaf Təşkilatının (DRDO) məlumatına görə, raket ölkənin şərqində yerləşən Odişa ştatının sahillərində, Benqal körfəzindəki hərbi poliqondan buraxılıb.
Bildirilir ki, təkmilləşdirilmiş raket sınaq uçuşu zamanı müxtəlif tipli döyüş başlıqları daşıyıb və Hind okeanının geniş ərazisində yerləşən bir neçə ayrı hədəfi uğurla məhv edib.
DRDO-nun açıqlamasında qeyd olunur ki, raketin uçuş trayektoriyası bir neçə quru və dəniz əsaslı müşahidə stansiyası tərəfindən izlənilib. Komanda mərkəzləri buraxılış anından bütün döyüş başlıqlarının hədəflərə çatmasına qədər telemetriya məlumatlarını real vaxtda əldə edib və sınaqlar tam şəkildə uğurla tamamlanıb.
“The Economic Times” yazır ki, bu sınaq Hindistanın bir raket sistemi ilə eyni vaxtda bir neçə strateji hədəfi vurmaq qabiliyyətini nümayiş etdirib.
“India Today” isə bildirib ki, raketin səmada yaratdığı parlaq iz bir çox bölgələrdə müşahidə olunub və hadisə şahidlər tərəfindən video ilə qeydə alınıb. Məlumata görə, narıncı-ağ rəngli, uzun və dolama iz buraxan obyekt təkcə Odişada deyil, həm də yüzlərlə kilometr uzaqda, o cümlədən Banqladeş ərazisində də görünüb.
İzmedia.az
![]()

