ABŞ orbitdə 7800 ədəd raketdaşıyıcı peyk yerləşdirməyi planlaşdırır
ABŞ kosmosda “Qızıl günbəz” adlı raketdən müdafiə sistemi çərçivəsində nəhəng peyk şəbəkəsi yaratmağı nəzərdən keçirir. Layihəyə əsasən, orbitə 7800 ədəd peykin çıxarılması planlaşdırılır.
izmedia.az xəbər verir ki, ABŞ Konqresinin Büdcə İdarəsinin qiymətləndirməsinə görə, proqramın ümumi dəyəri ən azı 1,2 trilyon dollar olacaq. Bu rəqəm Pentaqonun ilkin hesablamalarından altı dəfədən çoxdur.
Məlumatlara əsasən, ümumi xərclərin təxminən 60%-i kosmik seqmentin yaradılmasına sərf olunacaq. Hesablamalara görə, peyk qruplaşmasının hazırlanması, orbitə çıxarılması və istismarı üçün təxminən 743 milyard dollar tələb olunur.
Layihənin məqsədi peyk sistemlərinin istənilən raket buraxılışını erkən mərhələdə aşkar edərək məhv edə bilməsidir.
Lakin ekspertlərin fikrincə, sistemin ciddi məhdudiyyətləri mövcuddur. Hər bir peyk təxminən 5 il fəaliyyət göstərə bilir və bundan sonra istismardan çıxır. Bu isə o deməkdir ki, ABŞ hər il təxminən 1600 yeni peyk orbitə göndərməli olacaq. Hər bir peykin dəyəri isə təxminən 22 milyon dollar olaraq qiymətləndirilir.
Konqres analitikləri etiraf edirlər ki, belə genişmiqyaslı peyk şəbəkəsi belə tam müdafiə təmin etməyə bilər. Xüsusilə Rusiya və Çin kimi ölkələrdən gələ biləcək kütləvi raket hücumlarının tam qarşısını almaq mümkün deyil.
Rusiya rəsmiləri bu layihənin kosmosda silahlanma yarışını gücləndirə biləcəyini və qlobal strateji sabitliyi poza biləcəyini bildiriblər.
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin mayında layihənin əsas konsepsiyasının təsdiqləndiyini açıqlayıb və sistemin ikinci prezidentlik dövrünün sonuna qədər istifadəyə verilməsini planlaşdırdığını bildirib.
![]()
