ABŞ Dövlət Departamentinin rəsmi saytında yayılan məlumata görə, Vaşinqton Belçikaya 236 milyon dollar dəyərində AGM-184 Birgə Hücum Raketləri və əlaqəli avadanlıqların satışını təsdiqləyib.
Açıqlamada qeyd olunub: “ABŞ Dövlət Departamenti Belçika hökumətinə AGM-184 Birgə Hücum Raketləri və əlaqəli avadanlıqların potensial xarici hərbi satışını təsdiqləmək qərarına gəlib”.
Məlumata əsasən, bu satış ABŞ və Belçikanın xarici siyasət və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Bildirilir ki, sözügedən razılaşma Belçikaya ABŞ istehsalı olan F-35 qırıcılarının imkanlarını genişləndirməklə mövcud və gələcək təhlükələrə qarşı müdafiə qabiliyyətini artırmağa kömək edəcək.
Qeyd olunur ki, Belçika hökuməti ABŞ tərəfindən məxfi proqram təminatı, mühəndislik, texniki və logistika dəstək xidmətləri, eləcə də digər vacib komponentlərin təmin edilməsini də istəyib.
İzmedia.az
![]()

