İzmedia.az xəbər verir ki, Finlandiyanın Cənubi Kareliya bölgəsində 72 yaşlı kişi iki deputatı təhqir etdiyi və onlardan birinə fiziki zərər vurduğu üçün məhkəmə tərəfindən təqsirli bilinib.
Hadisə ticarət mərkəzinin liftində baş verib. Məlumata görə, deputatlar uşaqları ilə birlikdə rus dilində danışarkən kişi onlara qarşı təhqiramiz ifadə işlədib və etnik mənada alçaldıcı söz istifadə edib. Daha sonra o, deputatlardan birini itələyib.
Məhkəmə müəyyən edib ki, istifadə olunan ifadə etnik mənsubiyyətə görə təhqir xarakteri daşıyır və insan ləyaqətini alçaldır.
Təqsirləndirilən şəxs ifadəni dediyini etiraf etsə də, bunun cinayət sayılmaması ilə bağlı mövqeyini müdafiə edib. O, fiziki təması da inkar etsə də, hadisə videoyazı ilə sübuta yetirilib.
Məhkəmə ona 30 günlük cərimə cəzası təyin edib ki, bu da ümumilikdə 1050 avro təşkil edir. Bundan əlavə, o, zərərçəkən deputata 400 avro, şahidlik edən azyaşlıya isə 500 avro kompensasiya ödəməlidir.
Qərar hələ qüvvəyə minməyib və təqsirləndirilən şəxsin apellyasiya vermək hüququ var.
![]()
