İzmedia.az xəbər verir ki, Meksika hökuməti Royal Caribbean şirkətinin Karib sahillərində inşa etməyi planlaşdırdığı böyük akvapark layihəsini ekoloji narahatlıqlara görə təsdiqləməyib.
Meksikanın ətraf mühit naziri Alisiya Barsena bildirib ki, “Perfect Day Mexico” adlı layihə təsdiq olunmayacaq və şirkət artıq layihədən geri çəkilmək üçün addımlar atır.
Məlumata görə, Mahaual bölgəsində həyata keçirilməsi nəzərdə tutulan layihənin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı. Burada çimərlik klubları, hovuzlar, barlar və 30-dan çox su attraksionunun tikilməsi nəzərdə tutulurdu.
Claudia Sheinbaum da layihənin bölgənin ekoloji balansına ciddi zərər verə biləcəyini bildirib. Onun sözlərinə görə, ərazi mərcan rifləri və nadir canlılar üçün xüsusi əhəmiyyət daşıyır.
Ekoloqlar isə layihənin qorunan manqrov meşələrinə və dəniz ekosisteminə təhlükə yaradacağını vurğulayıblar. Greenpeace təşkilatı bölgənin “kritik mərhələdə” olduğunu açıqlayıb.
Bundan əlavə, layihənin dayandırılması tələbi ilə başladılan onlayn petisiya 4 milyondan çox imza toplayıb.
Qeyd edək ki, Mahaual bölgəsi təmiz dənizi, mərcan rifləri və tropik təbiəti ilə məşhurdur. Burada dəniz tısbağaları və digər nadir canlı növləri yaşayır.
![]()
