İki sənaye mənbəsi Reuters agentliyinə bildirib ki, “Qazprom Neft” şirkətinin Moskva Neft Emalı Zavodu (MNEZ) mayın 17-də baş verən dron hücumu səbəbindən emalı tamamilə dayandırıb.
Mənbələrin sözlərinə görə, avadanlıq dron hücumu nəticəsində zədələnməyib, lakin mümkün risklərin qarşısını almaq məqsədilə zavodun fəaliyyəti dayandırılıb və istehsalın bərpası üçün bir neçə gün tələb olunacaq.
“Onların yaxın bir-iki gün ərzində yenidən işə salınması gözlənilir. Bütün qurğular mərhələli şəkildə, müəyyən edilmiş prosedura uyğun olaraq istismara veriləcək, bundan sonra istehsal normal vəziyyətə qayıdacaq və məhsulların lazımi keyfiyyəti təmin olunacaq”, – deyə mənbə bildirib.
Moskva meri Sergey Sobyanin bazar günü, mayın 17-də Moskva vilayətində pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
“İlkin məlumatlara görə, dron zərbəsi nəticəsində 12 nəfər yaralanıb. Əsasən Moskva Neft Emalı Zavodunun yoxlama məntəqəsində çalışan tikinti növbəsi zərər görüb. Zavodun texnoloji prosesi pozulmayıb”, – deyə Sobyanin qeyd edib.
Moskva Neft Emalı Zavodunun nominal gücü ildə təxminən 14 milyon ton neft təşkil edir. Reuters mənbələrinə görə, 2024-cü ildə zavod 11,6 milyon ton neft emal edib, 2,9 milyon ton benzin, 3,2 milyon ton dizel yanacağı, 2 milyon ton mazut və 1,3 milyon ton qatran istehsal olunub.
Moskva Neft Emalı Zavodu yazın əvvəlindən bəri istehsalını dayandıran səkkizinci Rusiya neft emalı zavodu olub. Daha əvvəl may ayında “Lukoil”in “Permnefteorgsintez” və “Surqutnefteqaz”ın “Kirişi nefteorgsintez” müəssisələri emalı dayandırmışdı. Aprel ayında isə Sızran, Novokuybışevsk, Tuapse və Saratov neft emalı zavodları, həmçinin “Lukoil”in “Nijneqorodnefteorgsintez” müəssisəsi pilotsuz uçuş aparatları səbəbindən fəaliyyətini dayandırmışdı.
İzmedia.az
![]()

