ABŞ prezidenti Donald Tramp bildirib ki, İran sülh razılaşmasına razılıq verməzsə, Vaşinqton Tehrana qarşı hücumları davam etdirməyə hazırdır. Bununla yanaşı, o, “düzgün cavabların” alınması üçün bir neçə gün daha gözləyə biləcəyini də qeyd edib.
Tramp jurnalistlərə açıqlamasında vəziyyətin qısa müddətdə daha da gərginləşə biləcəyini deyib:
“İnanın mənə, əgər düzgün cavabları almasaq, bu, çox tez bitəcək. Hamımız hazırıq”, – deyə o, Endryus Birgə Hərbi Bazasında bildirib.
ABŞ prezidentindən nə qədər müddət gözləməyə hazır olduğu soruşulduqda isə o bildirib ki, bunun “bir neçə gün çəkə biləcəyini”, eyni zamanda hadisələrin çox sürətlə inkişaf edə biləcəyini söyləyib.
Tehran isə öz növbəsində mümkün hücumların bərpası ilə bağlı ABŞ-a xəbərdarlıq edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir:
“Əgər İrana qarşı təcavüz təkrarlanarsa, bu dəfə vəd edilən regional müharibə regionun sərhədlərindən kənara çıxacaq”.
Bundan əlavə, İran Hörmüz boğazı üzərindən nəqliyyatın hərəkətinə nəzarət etmək məqsədilə yeni “Fars Körfəzi İdarəsi” yaratdığını açıqlayıb.
Tramp eyni zamanda İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətli olduğunu bir daha vurğulayıb.
Ağ Ev rəhbəri gün ərzində jurnalistlərə açıqlamasında deyib:
“İran məsələsində prosesin son mərhələsindəyik. Görək nə baş verəcək. Ya razılıq əldə olunacaq, ya da xoşagəlməz hadisələr yaşanacaq. Ümid edirəm ki, bu baş verməz”.
“İdeal variant mümkün qədər az insanın həyatını itirməsidir. Biz bunu istənilən halda edə bilərik”, – deyə Tramp əlavə edib.
İzmedia.az
![]()

