Böyük Britaniya Avropa Birliyi ilə əlaqələri bərpa etməyə çalışır

2 Min Read

Böyük Britaniyada əhali arasında Brexit qərarının səhv olduğu qənaətinə gələnlərin sayı artmaqda və London getdikcə Brüssel ilə münasibətləri gücləndirməyə çalışır.

İzmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri (2004–2008) Toni Brenton TASS-a verdiyi müsahibədə bildirib.

Keçmiş diplomatın sözlərinə görə, Brexit dövründə zəifləyən əlaqələri gücləndirmək üçün Avropa tərəfi ilə dialoqa daha çox hazırlaşırlar. “Brexit Birləşmiş Krallıq üçün parlaq bir qərar olmadı. Bu, həm iqtisadi, həm də müəyyən dərəcədə siyasi cəhətdən zərərli oldu. Beynəlxalq vəziyyətə təkbaşına təsir göstərmək əvəzinə, eyni düşüncəli bir qrup daxilində işləmək daha təsirli olar”, – deyə Brenton vurğulayıb.

Keçmiş səfir əlavə edib ki, Britaniya isteblişmenti indi ABŞ-a yalnız güvənməyin yaratdığı çətinliklərin fərqindədir və bu səbəbdən Avropaya yaxınlaşmaq meyli artır. “İnsanlar indi Avropa ilə daha sıx əməkdaşlıq imkanlarını axtarırlar, iki il əvvəl belə aktiv deyildilər”, – deyə o bildirib.

Fevralın 11-də Böyük Britaniyanın Maliyyə Naziri Reyçel Rivz də ölkənin gələcəyinin iqtisadi səbəblərlə yanaşı, təhlükəsizlik, davamlılıq və müdafiə baxımından Avropaya bağlı olduğunu və daha sıx münasibətlər qurmağın tərəfdarı olduğunu bildirib.

Müxalifət isə hökuməti Brexit siyasətini geri çevirmək niyyətində ittiham edib və bu addımı 10 il əvvəl xalqın iradəsinə xəyanət kimi qiymətləndirib.

Qeyd edək ki, Böyük Britaniya 23 iyun 2016-cı ildə keçirilən referendumda 51,9% səs çoxluğu ilə Avropa Birliyindən çıxmağı seçmiş, 1 fevral 2020-ci ildə rəsmi olaraq blokdan çıxmış və 2021-ci il yanvarın 1-də keçid dövrünü başa vurmuşdu. 2020-ci ilin dekabrında isə AB ilə gələcək əməkdaşlığın şərtlərini, o cümlədən azad ticarət sazişini müəyyən edən razılaşma əldə edilmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş