ABŞ və İsrail İranın yeni lideri Müctəba Xameneini hədəf ala bilər

2 Min Read

 İsrail ABŞ-nin dəstəyi ilə İranın yeni ali lideri Müctəba Xameneini aradan qaldırma planı hazırlaya bilər.

İzmedia.az bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ prezidenti Donald Tramp müşavirlərinə bildirib ki, əgər Müctəba Xamenei Vaşinqtona güzəştə getməyə hazır deyilsə, onun aradan qaldırılması ideyasını dəstəkləyəcək. Tramp xüsusilə İranın yeni liderin rəhbərliyi altında nüvə proqramından imtina etməsini istəyir.

WSJ yazır ki, Vaşinqton Xameneini sərt siyasətçi hesab edir və onun “İranın nüvə silahı axtarışından” əl çəkəcəyini və ya ABŞ-la əlverişli şərtlərlə danışıqlar aparacağını gözləmir. Qəzetin mənbələri Təl-Əvivin Xameneini aradan qaldırmaq üçün əməliyyat keçirə biləcəyini bildirir. Həmçinin WSJ qeyd edir ki, İranın keçmiş ali lideri Əli Xameneinin və həyat yoldaşının ölümünə səbəb olan hava hücumunu İsrail həyata keçirib.

8 martda ABC News-a müsahibəsində Tramp bildirib ki, İslam Respublikasının növbəti ali lideri Vaşinqtonun təsdiqi olmadan uzun müddət hakimiyyətdə qala bilməyəcək.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran və digər iri şəhərlər zərbələr alıb. Ağ Ev əməliyyatı İrandan gələn raket və nüvə təhdidləri iddiaları ilə əsaslandırıb. Bunun ardından İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alan cavab əməliyyatı elan edib. Eyni zamanda Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ hərbi bazalarına zərbələr endirilib. ABŞ-İsrail birgə hücumunda Ali Rəhbər Ayətullah Əli Xamenei və bəzi digər yüksək vəzifəli İran liderləri həyatını itirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş