Yaponiyalı enerji eksperti və “EnergyShift” jurnalının keçmiş baş redaktoru Keiichi Motohaşi TASS-a bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxması Hörmüz boğazı bağlı qaldığı müddətdə qısa müddətdə neft qiymətlərinə yalnız məhdud təsir göstərəcək.
“Hörmüz boğazının blokadası davam edir və müxtəlif hədəflərə hücumlar edilir. Buna görə də yaxın müddətdə neft qiymətlərinə təsir məhdud olacaq”, – deyə ekspert bildirib.
Motohaşi qeyd edib ki, orta müddətli perspektivdə qiymətlərin dəyişməsi əsasən Səudiyyə Ərəbistanının mövqeyindən asılı olacaq.
“Əgər Hörmüz boğazı yenidən açılarsa və neft hasilatı bərpa olunarsa, Səudiyyə Ərəbistanının reaksiyasından, xüsusilə hasilatı nə qədər azaltmasından asılı olaraq neft qiymətlərində müəyyən enmə müşahidə oluna bilər”, – deyə o əlavə edib.
Ekspert eyni zamanda Hörmüz boğazındakı risklərin yaxın dövrdə azalacağına şübhə ilə yanaşıb.
“Yaxın Şərqdə enerji təhlükəsizliyi baxımından əsas problem İsrail faktorudur. BƏƏ-nin getdikcə İsrailə yaxınlaşan mövqeyi regiondakı qeyri-sabitliyi daha da artıracaq və enerji təhlükəsizliyi ilə bağlı problemləri həll olunmamış saxlayacaq”, – deyə Motohaşi vurğulayıb.
Onun fikrincə, uzunmüddətli perspektivdə neftə tələbatın azalması qiymətlərin enməsinə səbəb ola bilər.
“Hörmüz boğazının blokadası xüsusilə Asiya ölkələrini neftdən asılılığın azaldılması barədə daha ciddi düşünməyə vadar edib. Elektrikləşdirmə prosesi sürətləndikcə neftə tələbat azalacaq və nəticədə qiymətlərin aşağı düşməsi gözlənilir. Çinin qazıntı yanacaqlarından uzaqlaşmaq istiqamətində atdığı addımlar xüsusilə diqqət çəkir”, – deyə ekspert qeyd edib.
Bununla yanaşı, Motohaşi hesab edir ki, hərbi sənayeyə artan tələbat və süni intellekt texnologiyalarının inkişafı bu prosesin təsirini müəyyən qədər məhdudlaşdıracaq.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı 1 may 2026-cı ildə qüvvəyə minib. Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatı (OAPEC) da BƏƏ-nin həmin tarixdən etibarən qurumu tərk etdiyini açıqlayıb.
BƏƏ-nin dövlət neft şirkəti ADNOC-un baş direktoru Sultan bin Əhməd Əl-Cabir bildirib ki, ölkənin bu qərarı yalnız milli maraqlara əsaslanır və digər dövlətlərə qarşı yönəlməyib.
İzmedia.az
![]()

