İran rəsmisi ABŞ-ni itkiləri gizlətməkdə ittiham edib

2 Min Read

İranın “Xatəmül-Ənbiya” qərargahının sözçüsü İbrahim Zülfəqari ABŞ ordusunu İrana qarşı hərbi əməliyyatlar zamanı ölən və yaralananların real sayını gizlətməkdə ittiham edib.

Zülfəqari brifinq zamanı bildirib ki, ABŞ rəhbərliyinin yanlış siyasəti nəticəsində Amerika hərbçiləri arasında hər gün itkilər yaşanır. Onun sözlərinə görə, rəsmi Vaşinqton bu itkilərlə bağlı dəqiq statistikanı həm ABŞ ictimaiyyətindən, həm də hərbçilərin ailələrindən gizlədir, eyni zamanda münaqişə ilə bağlı məlumatların yayılmasına ciddi məhdudiyyətlər tətbiq edir.

İran rəsmisi qeyd edib ki, əgər ABŞ ordusu itkilərlə bağlı real və operativ məlumatları açıqlasa, bu, ölkə daxilində ciddi narazılıqlara səbəb ola bilər. O iddia edib ki, ABŞ vətəndaşları öz övladlarının müharibəyə göndərilməsinə qarşı kəskin etiraz göstərə bilər.

Zülfəqari çıxışında ABŞ siyasətçilərini, xüsusilə də keçmiş prezident Donald Trampı tənqid edərək bildirib ki, informasiya manipulyasiyası ilə İrana qarşı hərbi əməliyyatlarda uğur qazanmaq mümkün olmayacaq.

Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İranın müxtəlif şəhərləri, o cümlədən paytaxt Tehran zərbələrə məruz qalıb. Ağ Ev hücumları İrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb.

Buna cavab olaraq, İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrail ərazisində yerləşən hədəflərə qarşı əməliyyat başladığını açıqlayıb. Eyni zamanda, regionda yerləşən bəzi ABŞ hərbi bazalarının da hücumlara məruz qaldığı bildirilib.

İranın ali rəhbəri Ayətullah Əli Xamenei və bir sıra digər yüksək vəzifəli şəxslərin ABŞ və İsrailin birgə hücumları nəticəsində həlak olduğu iddia edilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş