Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı illik hesabatında qeyd olunub ki, Yaponiya iki ölkə arasında həll olunmamış məsələlər fonunda Rusiya ilə rabitə kanallarının qorunmasını zəruri hesab edir. Sənəd Nazirlər Kabinetinin iclasında xarici işlər naziri Toşimitsu Moteqi tərəfindən təqdim olunub.
Hesabatda bildirilir ki, qonşu dövlətlər kimi Yaponiya və Rusiya arasında “həll edilməli çoxsaylı məsələlər” mövcuddur və buna görə də “düzgün və davamlı dialoq aparılması vacibdir”.
Nazirlik eyni zamanda Ukraynaya dəstəyin davam etdirilməsini və Rusiyaya qarşı sanksiya təzyiqlərinin saxlanılmasını tövsiyə edib. Bu yanaşmanın 2022-ci ildən etibarən müxtəlif formalarda tətbiq olunduğu qeyd edilib. Hesabatda “sülh müqaviləsinin imzalanması və ərazi probleminin həlli” zərurəti də vurğulanıb.
Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi üzrə danışıqlar İkinci Dünya Müharibəsindən sonra davam edir. Əsas mübahisə mövzusu Kuril adalarının cənub hissəsinə nəzarət məsələsidir. Müharibədən sonra arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib. Yaponiya isə İturup, Kunaşir, Şikotan və bir sıra kiçik, yaşayış olmayan adalara iddia edir.
Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, beynəlxalq hüquqa əsaslanan bu ərazilər üzərində Rusiyanın suverenliyi mübahisə mövzusu deyil.
2022-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Ukraynadakı vəziyyətlə əlaqədar Moskvaya qarşı birtərəfli sanksiyalar tətbiq etməsinə cavab olaraq Tokio ilə sülh müqaviləsi üzrə danışıqları dayandırdığını açıqlayıb. Moskva həmçinin cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətlərlə bağlı dialoqdan da imtina edib.
İzmedia.az
![]()

