Bloomberg agentliyinin məlumatına görə, ABŞ-da Donald Tramp administrasiyası Rusiya nefti və neft məhsullarının dəniz yolu ilə satışına icazə verən müvəqqəti sanksiya güzəştini uzatmayıb. Bu güzəştin müddəti 11 aprel tarixində başa çatıb.
Bildirilir ki, sözügedən tədbir Yaxın Şərqdə müharibə fonunda enerji bazarlarında yaranmış gərginlik səbəbindən tətbiq edilmişdi. İranın Hörmüz boğazını bağlaması nəticəsində qlobal neft ixracı gündəlik təxminən 13 milyon barel azalıb, qiymətlər isə 1 barel üçün 100 dollardan yuxarı qalxıb.
Bu şəraitdə Ağ Ev qlobal neft təchizatını artırmaq məqsədilə Rusiya və İrana qarşı bəzi sanksiyaları müvəqqəti yumşaldaraq artıq yüklənmiş neftin qanuni şəkildə satılmasına imkan yaratmışdı. “The New York Times” qəzetinin məlumatına görə, İran neftinin satışına dair qısamüddətli icazənin müddəti aprelin 19-da başa çatır və ABŞ Maliyyə Nazirliyi onun uzadılmasını planlaşdırmır.
Eyni zamanda, Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatına əsasən, Rusiyanın neft və neft məhsulları ixracından əldə etdiyi gəlir 2026-cı ilin mart ayında 19 milyard dollara çatıb. Bu göstərici fevral ayı ilə müqayisədə 9,3 milyard dollar, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,8 milyard dollar çoxdur.
Məlumata görə, Rusiyanın neft ixracı gündəlik 0,27 milyon barel artaraq 4,6 milyon barelə, neft məhsulları ixracı isə 0,05 milyon barel artaraq 2,5 milyon barelə yüksəlib. Ümumi ixrac həcmi isə gündəlik 0,32 milyon barel artaraq 7,1 milyon barelə çatıb.
Həmçinin qeyd olunur ki, Rusiyanın neft hasilatı mart ayında gündəlik 0,29 milyon barel artaraq 8,96 milyon barelə çatıb. Bu, ölkənin OPEC+ kvotasından 0,61 milyon barel azdır. Ümumi maye karbohidrogen hasilatı isə gündəlik 10,32 milyon barel səviyyəsində olub.
İzmedia.az
![]()

