The New York Times qəzetinin hərəkatın siyasi rəhbərliyindəki iki məmura istinadən yaydığı məlumata görə, HƏMAS Qəzza zolağında hakimiyyətin tam təhvil verilməsi üçün hazırlıqlarını başa çatdırıb və silahsızlanmaya hazırdır.
Məlumata görə, prosesin əsas maneəsi Qəzzada yeni administrasiyanın hələ formalaşmamasıdır. Bildirilir ki, Qəzzanın idarə olunması üçün nəzərdə tutulan texnokrat komitə yanvarın 14-də yaradılıb, lakin onun üzvləri hələ də Qahirədə qalır.
Mənbələr HƏMAS-ın yeni idarəetmədə yer almaq niyyətində olmadığını, lakin Fələstində siyasi fəaliyyətini davam etdirməyi və İsrailə qarşı “müqaviməti” davam etdirməyi planlaşdırdığını bildiriblər. Hərəkatın məqsədinin müstəqil Fələstin dövlətinin yaradılmasına qədər bu xətti davam etdirmək olduğu qeyd olunur.
Hakimiyyətin ötürülməsi gözləntiləri fonunda təşkilat daxilində bütün yeni təyinatlar və vəzifə yüksəlişlərinin dayandırıldığı bildirilir.
Silahsızlanma məsələsinə gəlincə, HƏMAS polis və digər təhlükəsizlik strukturlarına aid minlərlə kiçik silahı təhvil verməyə hazır olduğunu bildirib. Lakin hərəkatın hərbi qanadının tam tərksilah edilməsi ilə bağlı konkret mövqe açıqlanmayıb.
Bundan əvvəl Reuters də “Sülh Şurası”nın HƏMAS-a silahsızlaşdırma üzrə səkkiz aylıq plan təqdim etdiyini, planın yeraltı tunel şəbəkəsinin məhvini də əhatə etdiyini yazmışdı.
İzmedia.az
![]()

