Asiya ölkələri Rusiyaya qarşı sanksiyalara baxmayaraq enerji əməkdaşlığına yönəlir

2 Min Read

Asiya-Sakit okean regionu (ASAC) ölkələri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, enerji böhranının öhdəsindən gəlmək üçün siyasi iradə formalaşdırmağa başlayıblar. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, suveren xarici siyasət və iqtisadi kursun formalaşdırılması mürəkkəb və riskli proses olsa da, çoxqütblü dünya şəraitində bu yanaşma getdikcə daha aydın görünür: “Bu, qlobal ticarət və iqtisadi sistemi nəzarətdə saxlamaq istəyən ölkələrin maraqlarına uyğun deyil”.

Alimov qeyd edib ki, Asiya-Sakit okean regionundakı tərəfdaşlardan müsbət siqnallar alınır: “Bəzi ölkələrlə artıq aktiv əməkdaşlıq aparılır və beynəlxalq mühitdəki son dəyişikliklər fonunda enerji sahəsində konkret əməkdaşlıq mexanizmləri müzakirə olunur. Əlbəttə, nəticələrin əldə olunması zaman tələb edir, lakin siyasi iradənin formalaşması artıq başlayıb”. O, bu fikirləri Banqkokda keçirilən Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) 82-ci sessiyası çərçivəsində səsləndirib.

Rusiyalı diplomat əlavə edib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər “qanunsuzdur” və xüsusilə enerji sektorunu hədəf alır: “Bu addımlar Qərb ölkələrinin enerji bazarlarında üstünlüyünü möhkəmləndirmək məqsədi daşıyır. Biz isə ədalətli rəqabətin tərəfdarıyıq və belə qalacağıq”.

Alimov həmçinin bildirib ki, bəzi ölkələr milli maraqlarına zidd olsa belə, sanksiyaları nəzərə alaraq siyasətlərini davam etdirirlər.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından və Hörmüz boğazında yaranan gərginlikdən sonra bir sıra Asiya ölkələri enerji təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə əməkdaşlığa maraq göstərib. Belə ki, Filippin mart ayında beş ildən sonra ilk dəfə Rusiya nefti alıb, Koreya Respublikasından bir şirkət Rusiya mənşəli nafta (liqroin) idxal edib. Bundan əlavə, Vyetnam, İndoneziya və Malayziya enerji tədarükü ilə bağlı danışıqları davam etdirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş