Seulda yerləşən bir QHT-nin məlumatına görə, COVID-19 pandemiyası dövründə Şimali Koreyada edamların sayı kəskin şəkildə artıb. BBC-nin xəbərinə əsasən, Keçid Ədaləti İşçi Qrupunun (TJWG) hesabatında qeyd olunur ki, 2020-ci ilin əvvəlindən 2024-cü ilin sonuna qədər ən azı 153 nəfər edam edilib və ya ölüm hökmünə məhkum olunub. Bu göstərici pandemiyadan əvvəlki beş illik dövrdə qeydə alınan 44 nəfərlə müqayisədə ciddi artım deməkdir.
Sərhədlərin bağlanmasından sonra artım qeydə alınıb
BMT-nin geniş araşdırmasından sonra beynəlxalq təzyiqlər nəticəsində 2015–2019-cu illər arasında edamların sayı azalsa da, Pxenyan sərhədlərini bağladıqdan sonra 2020-ci ildə göstəricilər yenidən kəskin yüksəlib. Həmin il ən azı 54 nəfər, növbəti ildə isə 45 nəfər edam edilib. Bu rəqəmlər 2016–2019-cu illər arasında illik orta hesabla 5 edamla müqayisədə böyük artım hesab olunur.
Hesabatda göstərilir ki, qeydə alınan 144 edam və ölüm cəzası hadisəsi arasında ən çox rast gəlinən səbəblərdən biri (29 halda) din, xurafat və xarici mədəniyyətlə bağlı fəaliyyətlər olub. Cənubi Koreya serialları və K-pop kimi mədəni məhsullar Şimali Koreyada qadağandır. Tədqiqatçılar bildirir ki, Pxenyan rəhbərliyi bu mədəniyyətlərin yayılmasını ideoloji təhlükə kimi qiymətləndirir.
2024-cü ilə aid nadir görüntülərdə Cənubi Koreya seriallarını izləyib yaydığına görə iki yeniyetmənin 12 il ağır iş cəzasına məhkum edildiyi də qeyd olunur. Ölüm cəzasına səbəb olan digər cinayətlərə isə liderə və ya hakim partiyaya qarşı tənqid, qəsdən adam öldürmə, narkotik qaçaqmalçılığı və ölkədən qaçmağa kömək etmək kimi halların daxil olduğu bildirilir.
Nəzarətin gücləndirilməsi və repressiyalar
TJWG bəyan edir ki, artan repressiyaların səbəblərindən biri rejimin hakimiyyətin irsi ötürülməsinin dördüncü nəslinə hazırlaşmasıdır. Bəyanatda qeyd olunur ki, bu proses mədəni və ideoloji nəzarətin gücləndirilməsi və siyasi hakimiyyətin qorunması məqsədilə edamların artmasına səbəb ola bilər.
Hesabata görə, 2011–2024-cü illər arasında ümumilikdə 358 edam qeydə alınıb. Bu məlumatlar 51 şəhər və rayondan olan 250-dən çox Şimali Koreya qaçqının ifadələri əsasında toplanıb. Edamların 70 faizdən çoxunun ictimai şəkildə həyata keçirildiyi və əksəriyyətinin güllələnmə üsulu ilə icra olunduğu bildirilir.
TJWG həmçinin Kim Çen Inın hakimiyyəti dövründə edamların həyata keçirildiyi 46 yeri xəritələşdirib. Edamların pik həddi onun hakimiyyətinin ilk illərinə təsadüf edir və 2013-cü ildə 80-dən çox edam qeydə alınıb.
2014-cü ildə Seulda Cənubi və Şimali Koreya, ABŞ, Böyük Britaniya və Kanadadan olan fəallar və tədqiqatçılar tərəfindən yaradılan Keçid Ədaləti İşçi Qrupu Şimali Koreyada insan hüquqları pozuntularını izləyir və ölüm cəzası ilə bağlı mütəmadi hesabatlar dərc edir.
İzmedia.az
![]()

