ABŞ administrasiyası Almaniyada yerləşən hərbi kontingentini yaxın 6–12 ay ərzində 5000 nəfər azaltmaq qərarı verib.
izmedia.az xəbər verir ki, Pentaqon bu addımın Avropadakı tərəfdaşların kifayət qədər fəallıq göstərməməsi ilə bağlı narazılıqdan qaynaqlandığını bildirib. Bu isə Vaşinqtonla Berlin arasında münasibətlərdə gərginliyin yeni mərhələyə keçməsinə səbəb olub.
Məlumata görə, ABŞ müdafiə naziri Pit Heqset 1 may tarixində Almaniyada yerləşən ABŞ hərbçilərinin bir hissəsinin başqa bölgələrə köçürülməsi barədə sərəncam imzalayıb. Prosesin bir il ərzində tamamlanması planlaşdırılır.
Hazırda Almaniyada təxminən 38 min ABŞ əsgəri yerləşir. Bəzi mənbələr Vaşinqtonun Berlinin gözlənilən səviyyədə aktivlik göstərmədiyini düşündüyünü və bu səbəbdən belə bir qərarın verildiyini bildirir.
Qərar ABŞ və Almaniya arasında artan siyasi gərginlik fonunda elan edilib. Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzin beynəlxalq təhlükəsizlik siyasətini sərt tənqid etmişdi.
Bundan əvvəl isə Tramp Almaniyanın İranla bağlı mövqeyini də tənqid etmiş və hətta ABŞ-ın NATO-dan çıxma ehtimalını nəzərdən keçirdiyini bildirmişdi.
Bu addım Avropada gözlənilməz inkişaf kimi qiymətləndirilir və NATO daxilində təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı suallar doğurur. Rəsmi Berlin hələlik geniş şərh verməyib. NATO isə məsələ ilə bağlı dərhal açıqlama yaymayib.
![]()
