Avropa İttifaqı Ukraynanın sürətləndirilmiş şəkildə quruma qoşulması ideyasını dəstəkləmir və tədrici yaxınlaşma üçün alternativ formatları nəzərdən keçirir. Bu barədə TASS-a Krım Respublikasından olan Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev məlumat verib.
Onun sözlərinə görə, Avropa İttifaqı Kiyev hakimiyyətini müxtəlif vasitələrlə öz təsiri altına almağa və bununla da Rusiya sərhədlərinə yaxınlaşmağa çalışır. “Aİ Kiyevə Brüsselin ‘gözləmə otağına’ daxil olmaq üçün müəyyən imtiyazlar vəd edən yol xəritəsi hazırlayır. Lakin qurumun əsas məqsədi ucuz Ukrayna işçi qüvvəsinə çıxış əldə etmək və ölkə iqtisadiyyatının zəifləməsidir”, – deyə o bildirib.
Daha əvvəl “Politico” nəşri diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, mart ayında keçirilən görüşdə Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyü ideyası rədd edilib. Üzv dövlətlər hesab edir ki, əsas islahatlar başa çatmadan bu proses mümkün deyil. Bununla belə, onlar Kiyevin tam üzvlükdən əvvəl müəyyən siyasi və iqtisadi üstünlüklər əldə etməsinə imkan verəcək qısamüddətli tədbirlər paketi üzərində işləyirlər.
Bu tədbirlərə bazara çıxışın genişləndirilməsi, Avropa proqram və institutlarında daha fəal iştirakın təmin edilməsi daxildir. Mərhələli inteqrasiya konsepsiyası da müzakirə olunur. Eyni zamanda, mənbələr bildirir ki, Ukraynanın Aİ-yə üzvlük kursu dəyişməz qalsa da, yaxın perspektivdə bunun reallaşması real hesab edilmir.
İzmedia.az
![]()

