İzmedia.az xəbər verir ki, İsrail tərəfindən saxlanılan “Qlobal Donanma” aksiyasının iştirakçılarından olan Türkiyə və Almaniya vətəndaşı Hüseyn Oral İstanbul Hava Limanına gəlib.
Məlumata görə, Qəzzaya humanitar yardım aparmaq məqsədi ilə 12 apreldə İspaniyanın Barselona şəhərindən yola çıxan donanma 39 ölkədən 345 iştirakçını birləşdirib. 29 aprel gecəsi isə Krit sahilləri yaxınlığında İsrail ordusu tərəfindən beynəlxalq sularda saxlanılıb və çoxsaylı fəallar nəzarətə götürülüb.
Sonradan saxlanılan iştirakçılar Kritə aparılıb və daha sonra xüsusi reyslə Türkiyəyə göndəriliblər. Hüseyn Oral Rumıniya üzərindən İstanbul Hava Limanına çatdırılıb və VIP terminalda qarşılanıb.
O, daha sonra məhkəmə-tibbi ekspertiza üçün müvafiq quruma aparılıb.
Hüseyn Oral hadisə ilə bağlı açıqlamasında gəmidə saxlanılma zamanı kobud rəftara məruz qaldıqlarını, plastik qandallarla bağlandıqlarını və çətin şəraitdə saxlanıldıqlarını bildirib. Onun sözlərinə görə, fəallar sonradan müxtəlif qayıqlarla aparılaraq nəzarət altına alınıb.
Oral həmçinin saxlanılma prosesində fiziki zorakılığa məruz qaldıqlarını iddia edib və hadisənin beynəlxalq sularda baş verdiyini vurğulayıb.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırmaların davam etdiyi bildirilir.
![]()
