Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov TASS-a müsahibəsində bildirib ki, Kiyevin Oslonun köməyi ilə şimal dənizlərində terror aktları hazırlaması ilə bağlı yayılan məlumatlar Norveçdə ciddi rezonans doğurub.
Diplomat qeyd edib ki, TASS-ın 9 aprel tarixli xəbərində Kiyev hakimiyyətinin Norveç Hərbi Dəniz Qüvvələrinin mütəxəssislərinin dəstəyi ilə Barents və Norveç dənizlərində Rusiya gəmilərinə qarşı hücumlar hazırladığı iddiası yerli mediada geniş müzakirələrə səbəb olub.
Onun sözlərinə görə, Norveç tərəfi bu iddiaları təkzib edib, yerli ekspertlər isə xəbəri informasiya müharibəsinin elementi kimi qiymətləndirərək Moskvanın Osloya qarşı ritorikasının sərtləşdiyini vurğulayıblar.
Korçunov əlavə edib ki, Rusiya tərəfi norveçli həmkarlarına belə addımların mümkün nəticələri ilə bağlı xəbərdarlıq edir: “Rusiyanın milli təhlükəsizliyinə qarşı Norveçdən və ya üçüncü ölkələr vasitəsilə yönələn fəaliyyətlərin dəstəklənməsi risklərin artmasına və bunun Norveç üçün də birbaşa nəticələr doğurmasına səbəb ola bilər”.
Qeyd edək ki, daha əvvəl hərbi-diplomatik mənbə TASS-a bildirib ki, Ukrayna tərəfi Norveç Hərbi Dəniz Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə şimal dənizlərində Rusiya gəmilərinə qarşı hücumlar hazırlayır.
İzmedia.az
![]()

