Reuters agentliyinin məlumatına görə, ABŞ kəşfiyyatının qiymətləndirmələri göstərir ki, son aylarda İrana qarşı həyata keçirilən hücumlar Tehranın nüvə silahı hazırlamaq imkanlarına ciddi təsir göstərməyib.
İki müstəqil mənbənin bildirdiyinə görə, hələ 2025-ci ildə “12 günlük müharibə” başlamazdan əvvəl ABŞ kəşfiyyatı İranın 3–6 ay ərzində nüvə başlığı istehsalı üçün kifayət qədər zənginləşdirilmiş uran hazırlaya biləcəyi qənaətinə gəlib.
Müharibə zamanı Nətənz, Fordo və İsfahan nüvə obyektlərinə endirilən zərbələrdən sonra bu müddətin təxminən 9–12 aya qədər uzandığı qiymətləndirilib. Lakin yeni qiymətləndirmələrə əsasən, 2026-cı ildəki son qarşıdurmalardan sonra belə bu zaman çərçivəsində əsaslı dəyişiklik qeydə alınmayıb.
Kəşfiyyat orqanları hesab edir ki, İranın nüvə silahı istehsalı üçün tələb olunan vaxtın dəyişməməsi, proqramın tam dayandırılmadığını və yalnız qismən ləngidildiyini göstərir.
Bu vəziyyət ABŞ daxilində İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını hədəf alan daha sərt addımların müzakirə olunmasına səbəb olub. Bildirilir ki, müzakirə edilən variantlar arasında yeraltı obyektlərə mümkün hərbi basqın ssenariləri də var.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatına görə isə İranın hazırkı yüksək zənginləşdirilmiş uran ehtiyatı əlavə zənginləşdirmə aparılarsa, təxminən 10 nüvə başlığının istehsalı üçün kifayət edə bilər.
İzmedia.az
![]()

