“The Daily Telegraph” qəzetinin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Keir Starmer şəxsi populyarlığının aşağı olması səbəbindən hakim Leyborist Partiyasının seçki kampaniyasında aktiv iştirakını məhdudlaşdırmaq məcburiyyətində qalıb.
Mayın 7-də ölkədə yerli seçkilər keçiriləcək. Seçkilər çərçivəsində 134 yerli şurada ümumilikdə 4800 mandat uğrunda mübarizə aparılır, həmçinin Uels və Şotlandiya parlamentlərinin tərkibi formalaşdırılacaq. Qəzetin yazdığına görə, Leyboristlər İngiltərənin müxtəlif şəhər şuralarında 2000-ə qədər yer itirə və ilk dəfə olaraq Uels Parlamenti – Senedd üzərində nəzarəti itirə bilər.
Nəşrin məlumatına əsasən, partiyanın yüksək vəzifəli nümayəndələrindən biri Starmerin “mənfi imicinin” seçki nəticələrinə təsir etdiyini bildirib. Mənbə iddia edib ki, partiya daxilində ona qarşı narazılıq geniş yayılıb və bu səbəbdən bəzi namizədlər baş nazirin kampaniyada iştirakını arzuolunmaz hesab edirlər.
Qeyd olunur ki, son iki ay ərzində Starmer cəmi 11 seçki tədbirində iştirak edib. Müqayisə üçün, Mühafizəkarlar Partiyasının lideri Kemi Badenoch 41, Reform UK partiyasının lideri Naycel Faraj isə 71 oxşar tədbirə qatılıb.
Bəzi parlament üzvlərinin fikrincə, bir sıra yerli Leyborist namizədlər Starmerin onların dairələrində kampaniya aparmasını istəmir və bunu seçkilərdə əlavə risk kimi qiymətləndirirlər.
İzmedia.az
![]()

