Kolumbiyanın Kundinamarka departamentində yerləşən kömür mədənində baş verən partlayış nəticəsində 9 mədənçi həyatını itirib. Bu barədə departamentin qubernatoru Xorxe Emilio Rey məlumat verib.
O, sosial şəbəkədə yazıb:
“Sutatausa bölgəsindəki ‘La Trinidad’ mədənində ilişib qalan doqquz mədənçinin cəsədi tapılıb. Partlayış zamanı mədəndə olan digər altı mədənçi xilas edilərək xəstəxanaya aparılıb”.
Qubernator daha əvvəl bildirmişdi ki, hadisə baş verən zaman 15 mədənçi təxminən 600 metr dərinlikdə işləyirdi. Onlardan üçü öz gücü ilə mədəndən çıxa bilib.
Kolumbiya Milli Mədən Agentliyinin məlumatına görə, aprelin 9-da aparılan yoxlama zamanı mədən şirkətinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.
İzmedia.az
![]()

