İzmedia.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Marko Rubio İrana qarşı həyata keçirilən “Epik Qəzəb” (Operation Epic Fury) hərbi əməliyyatının başa çatdığını rəsmən elan edib.
Onun sözlərinə görə, əməliyyat qarşıya qoyulan bütün məqsədlərə nail olduqdan sonra yekunlaşdırılıb və ABŞ Prezidenti Donald Tramp bu barədə Konqresi məlumatlandırıb. Bildirilib ki, artıq yeni mərhələ – “Azadlıq Layihəsi” başlayıb.
Rubio Ağ Evdə keçirilən brifinqdə qeyd edib ki, bundan sonrakı fəaliyyət əldə olunan nəticələrin qorunmasına və İranın hərbi potensialının yenidən güclənməsinin qarşısının alınmasına yönələcək. Yeni əməliyyatın detalları isə hələ açıqlanmayıb.
Qeyd edək ki, ABŞ və İsrailin İran ərazisindəki obyektlərə zərbələri 28 fevral tarixində başlayıb. Rəsmi məlumatlara görə, qarşıdurma zamanı 3 mindən çox insan həyatını itirib.
İki ay davam edən gərginlikdən sonra tərəflər 8 aprel tarixində iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Daha sonra İslamabadda keçirilən danışıqlar isə nəticəsiz yekunlaşıb.
Hazırda aktiv döyüş əməliyyatları qeydə alınmasa da, bölgədə gərginlik qalmaqdadır. ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi blokada isə ölkənin dəniz ticarətini ciddi şəkildə məhdudlaşdırıb.
![]()
