izmedia.az Reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ Tayvanın müdafiə xərclərinin gecikdirilməsindən narahatdır və bunu Çinə “güzəşt” kimi qiymətləndirir.
Tayvan Prezidenti Lay Çin-te Çinin artan hərbi təzyiqlərinə qarşı müdafiəni gücləndirmək məqsədilə əlavə 40 milyard dollarlıq müdafiə büdcəsi istəyib. Çin demokratik idarə olunan Tayvanı öz ərazisi hesab edir və son dövrlərdə bölgədə hərbi fəaliyyətini artırıb.
Lakin parlamentdə çoxluğa sahib olan müxalifət partiyalarının uzun sürən gecikdirmələrindən sonra qanunverici orqan tələb olunan məbləğin yalnız üçdə ikisini təsdiqləyib. Təsdiqlənən vəsait əsasən ABŞ istehsalı olan silahların alınmasına yönəlib. Yerli istehsal dron və raket layihələri isə paketdən çıxarılıb.
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Vaşinqton Tayvanın üzləşdiyi təhlükəyə uyğun müdafiə imkanları əldə etməsini dəstəkləyir.
“Xüsusi müdafiə büdcəsinin uzun gecikmələrdən sonra qəbul edilməsini müsbət qiymətləndirsək də, qalan müdafiə imkanlarının maliyyələşdirilməsinin yenidən gecikdirilməsi Çin Kommunist Partiyasına güzəşt deməkdir”, – deyə ABŞ rəsmisi vurğulayıb.
Tayvan Müdafiə Nazirliyi isə bəzi mühüm layihələrin büdcədən çıxarıldığını və bunun ölkənin müdafiəsində ciddi boşluqlar yarada biləcəyini açıqlayıb.
![]()
