WSJ: BƏƏ İranla münaqişədə gizli şəkildə hərbi əməliyyatlara qoşulub

2 Min Read

“The Wall Street Journal” nəşrinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ və İsrailin İranla qarşıdurması fonunda gizli şəkildə hərbi əməliyyatlarda iştirak edir.

Nəşrin vəziyyətlə tanış mənbələrə istinadən yazdığına görə, əvvəllər İranın hava hücumlarından ən çox zərər çəkən ölkələrdən biri olan BƏƏ indi özü İran ərazisinə zərbələr endirməyə başlayıb.

Məlumata əsasən, BƏƏ-nin müasir silahlı qüvvələri Qərb istehsalı olan texnologiyalarla təchiz olunub. Bunlara Fransa istehsalı “Mirage” qırıcıları və ABŞ istehsalı F-16 döyüş təyyarələri daxildir. Bildirilir ki, Əmirliklər bu imkanlardan iqtisadi maraqlarını qorumaq və regionda artan təsirini möhkəmləndirmək məqsədilə istifadə etməyə hazırdır.

WSJ qeyd edir ki, İsrail və ABŞ qüvvələrinin İranın hava hücumundan müdafiə sistemlərinə endirdiyi zərbələrdən sonra BƏƏ Hərbi Hava Qüvvələrinin əməliyyat riskləri əhəmiyyətli dərəcədə azalıb.

Mənbələrin sözlərinə görə, təsdiqlənməmiş hücumlardan biri aprelin 8-də Fars körfəzində yerləşən Lavan adasındakı İran neft emalı zavoduna qarşı həyata keçirilib. Hücum nəticəsində böyük yanğın baş verib və müəssisənin istehsal gücünün əhəmiyyətli hissəsi ən azı bir neçə ay fəaliyyətini dayandırıb.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, ABŞ administrasiyası BƏƏ-nin bu addımlarını gizli şəkildə dəstəkləyib və digər Körfəz ölkələrinin də oxşar fəaliyyətini müsbət qarşılayıb.

BƏƏ Xarici İşlər Nazirliyi məsələ ilə bağlı birbaşa şərh verməkdən imtina edib, lakin ölkənin düşmən hərəkətlərinə cavab vermək hüququnu tanıyan əvvəlki bəyanatlarına istinad edib.

Məlumata görə, davam edən qarşıdurma dövründə İran tərəfindən BƏƏ-yə 2800-dən çox raket və pilotsuz uçuş aparatı buraxılıb. Bu göstərici İsrail də daxil olmaqla digər ölkələrlə müqayisədə daha yüksək hesab olunur.

Yaxın Şərq üzrə analitik Dina Esfandiari bildirib ki, BƏƏ-nin İranla münaqişədə iştirakı region üçün mühüm dönüş nöqtəsidir.

“İndi Tehran Körfəz ərəb dövlətləri arasında fikir ayrılığı yaratmaq və BƏƏ ilə bağlı vəziyyətdə vasitəçilik səylərini zəiflətmək üçün daha çox çalışacaq”, – deyə ekspert vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş