NATO-nun təlimlərində İsveçə hücum ssenarisi və Ukrayna dron təcrübəsi

3 Min Read

NATO-nun hərbi təlim ssenarisinə əsasən, alyansın yeni üzvlərindən biri olan İsveç şərq sərhəddə qoşun cəmləşdirən naməlum bir ölkə tərəfindən təhdidlə üzləşir. Qeyri-adi məqam ondan ibarətdir ki, NATO üzvü olmayan Ukrayna müttəfiqlərə dron taktikasına dair məsləhətlər vermək üçün təlimlərdə iştirak edib.

“Associated Press” müxbirlərinə İsveçin rəhbərlik etdiyi təlimləri izləməyə icazə verilib. Bildirilir ki, bu təlimlər Avropanın həm Rusiyanın, həm də NATO-nun əsas üzvü olan ABŞ-ın dəyişən mövqeyi fonunda keçirilir.

Təlimlərdə ABŞ qüvvələri də iştirak edib və ssenari real təhlükələrə cavab verməyə yönəlib. Məlumata görə, Rusiya son aylarda Avropada kiberhücumlar və dezinformasiya kampaniyaları da daxil olmaqla kritik infrastruktura qarşı təxribat fəaliyyətlərini gücləndirib.

Ssenariyə əsasən, İsveçə məxsus Qotland adasında elektrik kəsintisi və ərzaq çatışmazlığı yaranır və bu vəziyyət NATO-nun 5-ci maddəsinin (kollektiv müdafiə) işə salınmasından əvvəl alyansın qərarvermə və reaksiya imkanlarını sınaqdan keçirir.

Avropa Trampın NATO siyasətindən narahatdır

İsveç Silahlı Qüvvələrinin Baş Komandanı general Mikael Klasson bildirib ki, ABŞ Avropanın ən güclü müttəfiqidir və Vaşinqtonun mövqeyində hər hansı dəyişiklik ümumi təhlükəsizlik balansına təsir göstərə bilər.

Avropalı hərbi rəhbərlər ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı açıqlamalarını və onun alyansı “kağız pələng” adlandırmasını diqqətlə izləyirlər. Məlumata görə, Tramp Almaniyadan ən azı 5 min ABŞ əsgərinin çıxarılması barədə göstəriş verib.

O, həmçinin müttəfiqləri İranla münaqişə zamanı ABŞ-a kifayət qədər dəstək verməməkdə tənqid edib. Bu fonda ABŞ hava hücumundan müdafiə sistemləri və raketlərinin Avropadan Yaxın Şərqə yönləndirildiyi və bunun müdafiə boşluqları yarada biləcəyi barədə narahatlıqlar mövcuddur.

Klasson qeyd edib ki, ABŞ-ın dəstəyinin azalması halında Şimali və Baltik ölkələri, eləcə də Böyük Britaniya və Niderlandın iştirakı ilə “hibrid donanma” kimi təşəbbüslər formalaşır. O əlavə edib: “Avropalı müttəfiqlərə hərəkət azadlığı verən hər şey müsbətdir”.

Ukrayna dron pilotları İsveç qüvvələrini üstələyib

Təlimlər zamanı Ukrayna PUA (pilotsuz uçuş aparatları) operatorları Qərb qüvvələrinə dron müharibəsi taktikasını öyrətmək üçün dəvət olunublar. Bildirilib ki, Ukrayna pilotları İsveç bölmələrini simulyasiya döyüşlərində faktiki olaraq “məhv ediblər”.

Qotlandın strateji əhəmiyyəti

Təlimlər Baltik dənizində yerləşən Qotland adasına fokuslanıb. Ada İsveç sahilləri ilə Rusiyanın Kalininqrad anklavı arasında strateji mövqedə yerləşir.

General Klassonun sözlərinə görə, “Əgər Qotlanda nəzarət edirsinizsə, demək olar ki, Baltik dənizinin mərkəzinə nəzarət edirsiniz”.

O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin NATO-nun dayanıqlığını yoxlamaq üçün Qotland kimi strateji əraziləri hədəfə ala bilər və bu, alyansın kollektiv cavab qabiliyyətini sınaqdan keçirmək üçün “məntiqli ssenari” olardı.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş