İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin Hizbullaha qarşı əməliyyatlarını davam etdirdiyini və “güc vasitəsilə sülhə” nail olmağa hazırlaşdığını bildirib.
Onun sözlərinə görə, İsrail qüvvələri Livanın cənubunda, sərhəd yaxınlığında yerləşən Bint Cbeyl istiqamətində döyüşləri davam etdirir: “Bint Cbeyl Livanın cənubunda Hizbullahın paytaxtı idi. Biz bu şəhəri məğlub etmək, əslində isə Hizbullahın bu böyük qalasını məhv etmək üzrəyik”.
Netanyahu ofisi tərəfindən yayımlanan video müraciətdə bildirib ki, o, İsrail Müdafiə Qüvvələrinə təhlükəsizlik zonasını genişləndirmək və onu şərqə, Hermon dağı yamaclarına doğru yaymaq barədə göstəriş verib.
Baş nazir qeyd edib ki, İsrail eyni zamanda Livanla danışıqlar aparır: “Bu danışıqlar 40 ildən çoxdur baş tutmurdu. İndi isə baş verir. Livanla danışıqlarda iki əsas məqsəd var: birincisi, Hizbullahın tərksilah edilməsi, ikincisi isə davamlı sülh. Güc vasitəsilə sülh”.
Məlumata görə, İsrail 2 martdan etibarən Hizbullaha qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra Livan ərazisinə kütləvi zərbələr endirilib və ölkənin cənubunda quru əməliyyatları həyata keçirilib. İsrailin məqsədi Livanın cənubundakı Litani çayının cənubunda bufer zona yaratmaqdır.
İzmedia.az
![]()

