Reuters agentliyinin ABŞ Dövlət Departamentindəki rəsmiyə istinadən yaydığı məlumata görə, Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında keçirilən danışıqlar məhsuldar və müsbət qiymətləndirilib.
Rəsminin sözlərinə görə, İsrail və Livan nümayəndə heyətləri arasında sülh danışıqlarının üçüncü mərhələsi çərçivəsində keçirilən ilk görüş “məhsuldar və müsbət” atmosferdə keçib. O, həmçinin məsləhətləşmələrin cümə günü davam etdiriləcəyini təsdiqləyib.
Bundan əvvəl LBCI telekanalı ABŞ diplomatik dairələrindəki mənbələrə istinadən xəbər vermişdi ki, tərəflər mayın 18-də başa çatacaq atəşkəs rejiminin uzadılması şərtlərini və sərhəd mübahisələrinin həlli mexanizmini müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibinə diplomatlar və hərbi ekspertlər daxildir.
Ərəb nəşri Əşarq əl-Əvsat yazır ki, Livan hökuməti İsraillə düşmənçilik vəziyyətinə son qoyacaq təhlükəsizlik razılaşmasına nail olmağa çalışır. Bununla yanaşı, Beyrutun hələlik İsraillə tam sülh müqaviləsi imzalamağa və münasibətləri normallaşdırmağa hazır olmadığı bildirilir.
Tərəflər arasında görüşlər ABŞ Prezidenti Donald Tramp administrasiyasının dəstəyi ilə Dövlət Departamentində keçirilir. Aprelin 14-də baş tutan ilk raundda Livanda aprelin 17-dən etibarən atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdu. Aprelin 23-də keçirilən ikinci raunddan sonra isə atəşkəsin daha üç həftə uzadıldığı elan edilmişdi.
İzmedia.az
![]()

