izmedia.az xəbər verir ki, Böyük Britaniyada 35 yaşlı Peris Uilson keçmiş həyat yoldaşının ölümünə səbəb olan cinayətdə təqsirli bilinib. Qadın narkotik alverçisi ilə əlbir olaraq keçmiş ərinin amansız şəkildə cəzalandırılmasına kömək edib və bunun qarşılığında Türkiyəyə ödənişsiz istirahət və pul mükafatı almağı planlaşdırıb.
Vinçester məhkəməsi ictimaiyyəti sarsıdan hücumla bağlı qərarını açıqlayıb. Peris Uilson 38 yaşlı Denni Kahalaynın ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda və adam oğurluğuna cəhdə yardım etməkdə təqsirli bilinib.
Cinayətin səbəbi mərhumun yerli narkobaron qarşısında 120 min funt sterlinq borcunun olması idi. “Frost” ləqəbli cinayətkar Uilsona təklif edib ki, keçmiş ərinin yerini müəyyənləşdirib ona qarşı plan qurmağa kömək etsin. Əvəzində isə qadına pul və Türkiyəyə tam ödənişli istirahət vəd olunub.
Hadisə 2025-ci il fevralın 21-nə keçən gecə Plimut şəhərində baş verib. Hücum edən şəxslər Kahalaynın yatdığı evə daxil olaraq onun üzünə sulfat turşusu atıblar. Həmin vaxt cütlüyün azyaşlı qızı da qonşu otaqda olub. Ata qızı az əvvəl anasının yanından gətirmişdi.
Kişi həyatı ilə uyğun gəlməyən ağır kimyəvi yanıqlar alıb. O, bir gözünü itirib və çoxsaylı dəri köçürmə əməliyyatları keçirib. Hücumdan təxminən 10 həftə sonra isə ağciyər arteriyasının tromboemboliyası səbəbindən xəstəxanada həyatını itirib.
İstintaq müəyyən edib ki, bu, ilk hücum olmayıb. Ölümcül hadisədən bir ay əvvəl cinayətkarlar Kahalaynı avtomobilinin yanında oğurlamağa cəhd göstəriblər. O zaman o, qızını Uilsona təhvil vermişdi. Lakin plan baş tutmayıb.
Məhkəmədə Uilson narkobaronla əlbir olduğunu inkar etməyib, amma hərəkətlərinin ölümlə nəticələnəcəyini düşünmədiyini bildirib.
Buna baxmayaraq, andlı iclasçılar onu ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli biliblər. Dəstənin başçısı, “Frost” ləqəbli Rayan Kennedi hazırda axtarışdadır və ehtimal olunur ki, Dubayda gizlənir. Uilson və digər təqsirləndirilən şəxslərlə bağlı hökmün nə vaxt açıqlanacağı isə hələ məlum deyil.
![]()
